Tanınmış müxalif siyasətçinin qətlində şübhəli bilinən Zaur Dadayev törətdiyi cinayəti etiraf edib
Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlinin motivi bəlli olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Boris Nemtsovun qətlində şübhəli bilinərək saxlanılan Zaur Dadayev istintaqa ifadəsində B. Nemtsovu İslam və müsəlmanlar haqqında mənfi fikirlər səsləndirdiyinə görə öldürdüyünü deyib.
Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlində beş nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs qətimkan tədbiri seçilib. Onların barəsində hansı maddə ilə ittiham irəli sürüldüyü açıqlanmayıb.
Z. Dadayev qətli törətdiyini etiraf etsə də, cinayətlə bağlı saxlanılan digər 4 nəfər ittihamla razılaşmayıb.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam gecə saatlarında Moskvanın mərkəzində odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Hadisə zamanı siyasətçinin yanında ukraynalı fotomodel Anna Duritskaya da olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !