BOTAŞ-ın rəhbərliyi Qarsdakı partlayışla əlaqədar toplantı keçirir

14:17 | 25.08.2015
BOTAŞ-ın rəhbərliyi Qarsdakı partlayışla əlaqədar toplantı keçirir

BOTAŞ-ın rəhbərliyi Qarsdakı partlayışla əlaqədar toplantı keçirir

SOCAR: "BOTAŞ-ın məlumatına görə, təmir işləri bir neçə gün davam edə bilər”

Türkiyənin BOTAŞ şirkətinin İdarə Heyəti Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayışla əlaqədar toplantı keçirir.
 
Bu barədə "APA-Economics"ə BOTAŞ-dan məlumat verilib.
 
Şirkət rəsmisi deyib ki, toplantının ardından ictimaiyyət üçün detallı açıqlama veriləcək.
 
Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə "APA-Economics”ə bildirib ki, hadisə ilə bağlı kəmərin operatoru olan BOTAŞ şirkəti SOCAR-a mütəmadi məlumat verir: "Hazırda hadisənin təfərrüatları araşdırılır. BOTAŞ-ın məlumatına görə, təmir işləri bir neçə gün davam edə bilər”.
 
SOCAR rəsmisi xatırladıb ki, sözügedən kəmərin Azərbaycan ərazisindən keçən hissəsi avqustun 2-dən təxminən 1 ay müddətinə profilaktika məqsədilə təmirə dayanıb.
 
Xatırladaq ki, ötən gecə PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.
 
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
 
Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.
 
"Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - deyə G. Özdəmir bildirib.
 
Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.
 
Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.
 
Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz kəmərində partlayış törədilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM