BP 2023-cü ildə "Şahdəniz"də qaz hasilatını 4% artırıb

16:21 | 12.02.2024
BP 2023-cü ildə

BP 2023-cü ildə "Şahdəniz"də qaz hasilatını 4% artırıb

2023-cü ildə BP-Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından 26 milyard kubmetr qaz hasil edib ki, bu da 2022-ci illə müqayisədə 4% çoxdur. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. 

2023-cü ildə "Şahdəniz" yatağından  təxminən 35 milyon barel kondensat (4 milyon tondan çox) hasil edilib ki, bu da 2022-ci illə müqayisədə 2,8% azdır.

"Hazırda yatağın hasilat gücü sutkada təqribən 74 milyon kubmetr və ya ildə 27 milyard kubmetrdən çoxdur", - şirkətdən bildirilib. 

Bu yatağın işlənməsi çərçivəsində 2023-cü ildə "Şahdəniz” konsorsiumunun xərcləri 3 milyard 86 milyon dollar (artım 12,5%) təşkil edib, eyni zamanda, layihə üzrə əməliyyat xərcləri 2 milyard 194 milyon dollar, əsaslı xərclər - 892 milyon dollar olub. Xərclərin əsas məbləği "Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində görülən işlərin payına düşüb.

BP həmçinin bildirib ki, 2023-cü ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK və ya Bakı-Tbilisi-Ərzurum) üzrə nəql gündə orta hesabla 60,1 milyon kubmetr qaz (2022-ci ildə - sutkada 57,4 milyon kubmetr) təşkil edib. 2023-cü ildə CQBK-nın saxlanması üçün əməliyyat xərcləri 77,7 milyon dollar, əsaslı xərclər 13,8 milyon dollar ötüb.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
 
Hazırda müqavilədə tərəflərin payı  bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21 ,02%) təşkil edir.
 
"Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.

Hazırda "Şahdəniz” yatağından qaz hasilatı Mərhələ-1 çərçivəsində Alfa platformasından və Mərhələ-2 çərçivəsində Bravo platformasından həyata keçirilir.

N.Təbrizli
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM