BP AÇG blokunda yeni platformadan ilk nefti 2024-cü ilin əvvəlində gözləyir

19:19 | 26.01.2023
BP AÇG blokunda yeni platformadan ilk nefti 2024-cü ilin əvvəlində gözləyir

BP AÇG blokunda yeni platformadan ilk nefti 2024-cü ilin əvvəlində gözləyir

BP 2024-cü ilin əvvəlində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) blokunun Mərkəzi Şərqi Azəri platformasından ilk neftin çıxacağını gözləyir.  Bunu şirkətin vits prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 

"Bu platformanın dayaq bloku Azərbaycan prezidentinin iştirakı ilə dənizə (2022-ci ilin dekabrında) göndərilib. Platformanın yuxarı blokları bu il dənizə göndəriləcək. Biz 2023-cü ildə Mərkəzi Şərqi Azəri platforması ilə ilk quyunun qazılmasına başlamağı planlaşdırırıq. Uyğun olaraq  ilk neft 2024-cü ilin əvvəlində gözlənilir”, - Aslanbəyli bildirib.

O xatırladıb ki, indiyədək AÇG  blokundan neft hasilatı altı platformadan həyata keçirilib, Mərkəzi Şərqi Azəri  isə yeddinci olacaq.
 
"Bu, tamamilə yeni, müasir, yaxşı texniki məlumatlara malik platforma olacaq və müvafiq olaraq, bu, AÇG-də hasilatı sabitləşdirməyə kömək edəcək", - o bildirib.

Aslanbəyli qeyd edib ki, hasilat quyularının sayının artmasına baxmayaraq, AÇG-də neft hasilatında azalma var.

"Əsrin müqaviləsi”  1994-cü ildə imzalanıb, o vaxtdan 28 il keçib və müvafiq olaraq bəzi quyuların məhsuldarlığı kifayət qədər köhnəlib və müvafiq olaraq hasilat ildən-ilə düşür. İldən-ilə daha çox quyu qazmağımıza baxmayaraq – keçən il 2021-ci ilə nisbətən daha çox quyu qazmışıq – təəssüf ki, hasilat aşağı düşür. Biz bu məsələni həm SOCAR-la, həm də hökumətlə ciddi müzakirə edirik, müəyyən əlavə tədbirlər görürük. Bu tədbirlərdən biri də yeni Mərkəzi Şərqi Azəri  platformasının tikintisidir”, - Aslanbəyli bildirib.

Energetika Nazirliyinin son məlumatına görə, 2022-ci ildə AÇG-dən 20,4 milyon ton neft (azalma 9,3%) və 13,4 milyard kubmetr səmt qazı (2021-ci il səviyyəsində) hasil edilib.

İşlənmənin başlandığı gündən və 2023-cü il yanvarın 1-nə AÇG blokundan 567 milyon ton neft və 203,4 milyard kubmetr səmt qazı hasil edilib.

Mərkəzi Şərqi Azəri  layihəsi "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsidir.

Layihə çərçivəsində TURAN Qazma Şirkəti tərəfindən həyata keçiriləcək 48 quyunun qazılması planlaşdırılır.

Mərkəzi Şərqi Azəri layihəsinin məqsədi əlavə quyuların qazılması və əlavə dəniz qurğularının quraşdırılması ilə gündəlik 100 000 barelə qədər neft və 350 000 kub fut qaz hasilatına nail olmaqdır. 19 aprel 2019-cu il tarixində Bakıda AÇG blokunun işlənməsi layihəsinin səhmdarları 6 milyard ABŞ dolları məbləğində Mərkəzi Şərqi Azəri  layihəsi üzrə yekun investisiya qərarını imzaladılar ki, bunun təqribən 3,2 milyard dolları tikinti xərcləri, qalanı yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləridir.

Layihə 137 metr dərinlikdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformaları arasında yaşayış bloku olan yeni hasilat-qazma platformasının tikintisini nəzərdə tutur. "Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.

AÇG blokundan neft və səmt qazının hasilatı 1997-ci ilin noyabrında başlayıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM