BP Azərbaycanda yeni torpaq sahələri alır

13:52 | 17.12.2014
BP Azərbaycanda yeni torpaq sahələri alır

BP Azərbaycanda yeni torpaq sahələri alır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağının işlənməsi layihəsinin ikinci mərhələsi çərçivəsində yenin platformanın tikintisi məqsədi ilə işçilərin işə qəbuluna başlanılıb.
 
ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib.

Onun sözlərinə görə, BP həmçinin Səngəçal terminalının genişləndirilməsi ilə bağlı işlərə də başlayıb: "Biz artıq Səngəçal terminalının genişləndirilməsi üzrə işlərə başlamışıq. Sentyabrın 20-də Səngəçal terminalında Azərbaycan prezidenti ilə birlikdə Cənub Qaz Dəhlizi üçün ilk borunu bastırdıq. O vaxtdan Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinə də start verilib. Tələb olunan borular artıq Azərbaycana daşınır. Bu işlərin görülməsində həm prezidentdən, həm də SOCAR-dan çox böyük dəstək alırıq, demək olar ki, işləri birlikdə görürük. Qərarlar birlikdə qəbul edilir və bu bizə imkan verir ki, işləri vaxtında yekunlaşdıraq".

Q.Birrel Azərbaycan qazının Türkiyə və Avropaya çatdırılması tarixləri haqqında da məlumat verib: "Əvvəldən də deyildiyi kimi, 2018-ci ildə ilk qaz əldə olunacaq və qaz həmin ilin sonunda Türkiyəyə, bundan təxminən 1 il sonra isə Avropaya çatdırılacaq".

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışan BP rəsmisi ən böyük işlərdən birinin tikintinin aparılacağı torpaq sahələrinin alınması olduğunu bildirib: "Azərbaycan hökumətinin dəstəyi ilə BP artıq 200 km məsafədə torpaqları əldə edib. Boru kəməri boyunca bir neçə yerdə boruların yığılacağı yerləri hazırlamışıq. Borular ölkəyə daşınır və həmin məntəqələrdə saxlanılır".

Bununla yanaşı, Q.Birrel neftin qiymətinin ucuzlaşmasının BP-nin işlərinə də müəyyən mənfi təsir göstərdiyini açıqlayıb: "Əvvəldən də dediyimiz kimi, Azərbaycandakı layihələrlə bağlı öhdəliklərimiz var və bunlara əməl edəcəyik. Bu layihələr indiyə qədər yaxşı irəliləyib və gələcəkdə də irəliləyəcək. Düzdür, neftin qiymətinin aşağı düşməsi bizim də işlərimizdə müəyyən çətinliklər yaradıb. Lakin çalışırıq ki, Azərbaycandakı layihələr planlara uyğun irəliləsin".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM