2015-ci ilin ilk üç rübü ərzində AÇG layihəsinə təqribən 570 milyon dollar əməliyyat məsrəfləri və 1,5 milyard dollar əsaslı məsrəflər xərclənib.
Oxu.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin açıqladığı hesabatda deyilib.
"Birinci üç rübdə AÇG-də stabil hasilat davam etmişdir. Doqquz ay ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (110 000), Şərqi Azəri (72 000), Dərinsulu Günəşli (141 000) və Qərbi Çıraq (107 000) platformalarından birlikdə – gündə orta hesabla 640 000 barel və ya ümumilikdə 175 milyon barel, yəni 24 milyon ton təşkil edib.
Birinci üç rübün sonunda AÇG-də ümumilikdə 88 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu istismarda idi”, - deyə BP-nin məlumatında deyilib.
Hesabata görə, 2015-ci ilin birinci üç rübündə AÇG-də 13 neft hasilat quyusu və bir suvurma quyusu qazılıb.
BP-dən bildirilib ki, anoloji dövrdə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları” vasitəsilə gündə orta hesabla 9,8 milyon kubmetr, ümumilkdə isə 2,7 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Qeyd edək ki, ötən ilin anoloji dövründə AÇG-də hasilat 24,2 milyon ton (181 milyon barel) olub.
Məlumat üçün bildirək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%)-dir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !