BP-də çalışan yerli kadrların sayı azaldı

19:43 | 30.11.2015
BP-də çalışan yerli kadrların sayı azaldı

BP-də çalışan yerli kadrların sayı azaldı

Üçüncü rübün axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir.

Bu barədə "BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Oxu.Az-a deyib.

"BP yerli mütəxəssislərə təlimlərin keçirilməsini daim diqqətdə saxlayır. O cümlədən, Xəzər texniki təlim mərkəzində (XTTM) yerli texniklərin hazırlanması işləri davam edir. Mövcud olduğu 10 il ərzində XTTM BP-nin əməliyyatçısı olduğu obyektlər üçün 1 000-dən çox yerli texnikə təlim keçib. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərin təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayırlar”, - deyə şirkətin rəsmisi qeyd edib.

Bayatlı qeyd edib ki, 2018-ci ilin sonunadək şirkətin ixtisaslı işçilərinin 90%-nin milli kadrlar təşkil edəcəyi ilə bağlı öhdəliyi var:

"Bundan əlavə, BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.

İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir”.

Qeyd edək ki, 2015-ci ilin I yarısına olan məlumata görə, BP-Azerbaijan şirkətində 2 866 nəfər Azərbaycan vətəndaşı (birbaşa işçilər) işləyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM