Lightsource bp şirkəti (bp-nin törəmə şirkəti) 2024-cü ilin oktyabrında Azərbaycanın Cəbrayıl rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu - red) "Şəfəq" Günəş Stansiyasının (GES) tikintisinə başlamağı planlaşdırır. Bu barədə www.bp.com/caspian internet saytında dərc edilmiş bu layihə üzrə ƏMTQ hesabatının ilkin versiyasında məlumat verilib. .
Günəş elektrik stansiyası Cəbrayıl rayonunda, Araz çayının şimal-qərbində, Cəbrayıl şəhərindən 6 km cənubda, Xacılı kəndi yaxınlığında tikiləcək.
Stansiyanın sahəsi 802 hektar olacaq, stansiyanın özü 240 MVt dəyişən cərəyan gücünə (generasiya gücü) malik olacaq ki, bu da öz zirvəsində 288 MVt-a çata bilər.
Layihəyə fotovoltaik günəş elektrik stansiyasının layihələndirilməsi, avadanlıq təchizatı, tikintisi, quraşdırılması, sınaqları, istismara verilməsi və istismarı daxildir.
Bu işlərin icrasına 2024-cü ilin ikinci yarısında başlanacaq və təxminən 18 ay çəkəcək.
Lightsource bp stansiyanın tikintisi, istismara verilməsi və istismarına cavabdeh olacaq.
Elektrik stansiyasının istehsal etdiyi elektrik enerjisi sonda Azərbaycanın milli elektrik şəbəkəsinə ötürüləcək. Layihə çərçivəsində 33/330 kV-luq yarımstansiyanın tikintisi də nəzərdə tutulub.
Qrafikə uyğun olaraq, 2024-cü ilin iyul-oktyabr aylarında "Lightsource bp” şirkəti qüvvə və vasitələrin (iş qüvvəsi, texnika və s.) səfərbər edilməsi və ərazinin hazırlanması üzrə işlərin görülməsini planlaşdırır. Günəş elektrik stansiyasının tikintisi 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrınadək aparılacaq, istismara vermə sınaqlarına 2025-ci ilin noyabrında başlanacaq, stansiyanın kommersiya istismarına 2025-ci ilin dekabrında başlanacaq.
6-8 ay ərzində tikinti işçi qüvvəsinin orta hesabla 300 nəfərdən ibarət olacağı, pik dövrdə isə 700 nəfərə çatacağı gözlənilir.
ƏMTQ hesabatının hazırlanması Şəfəq İES-in tikintisi zamanı yaranan təsirlərin və bununla bağlı sosial, iqtisadi və digər nəticələrin qarşısının alınması və ya minimuma endirilməsi məqsədi ilə həyata keçirilir.
Layihə ilə bağlı irad və təkliflər 20 mart 2024-cü il tarixinədək [email protected] ünvanında qəbul ediləcək.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, "Şəfəq” YES-in tikintisi Səngəçal terminalını elektrik enerjisi ilə təmin edəcək və buraxılan qazı Avropaya ixrac edəcək. Günəş elektrik stansiyasının ildə 500 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.
BP 2024-cü ildə Azərbaycan hökuməti ilə Şəfəq günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə yekun investisiya sazişi (FIA) imzalamağı gözləyir.
3 iyun 2021-ci il tarixində Azərbaycanın Energetika Nazirliyi ilə BP şirkəti arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsində əməkdaşlıq haqqında İcra Sazişi imzalanıb. Layihəyə investisiyalar 200 milyon dollar həcmində qiymətləndirilir.
21 sentyabr 2023-cü ildə SOCAR və AİK bp ilə Şəfəq YES-in tikintisi layihəsinə qoşulmaq üçün müqavilə imzalayıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !