Azərbaycanlı biznesmen, bir vaxtlar Moskvada topdansatış meyvə-tərəvəz ticarətinə nəzarət edənlərdən biri olan Məhərrəm Quliyev ("Pokrovka Məhərrəm”) 2019-cu ildə həbs olunduqdan sonra Rusiyadan deportasiya olunub və hazırda Ukraynada fəaliyyət göstərir.
Fotoda: "Pokrovka Məhərrəm"
Əslən Şəmkir rayonundan olan M.Həsənov "Pokrovka Məhərrəm” ləqəbini Moskvanın məşhur "Pokrovsk” bazarını işlədərkən alıb. 2014-cü ilə qədər "Pokrovsk” Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi. Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut” şirkəti vasitəsilə Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən meyvə-tərəvəzin idxalı və həmin bazar üzərindən paylanılmasını həyata keçirib. "Pokrovka” bazarı bağlanandan sonra həmin bazarda işləyən azərbaycanlılar "Food City” topdansatış bazasına keçmişdilər.
Biznesmen bildirir ki, əslində, onun həbsinin və ümumiyyətlə, Moskvada hüquq-mühafizə orqanları tərəfindən təqib olunmasının arxasında Tofiq Əliyev dayanırdı.
Fotoda: Tofiq Əliyev
M.Quliyev deyir ki, Tofiq İsgəndər oğlu Əliyev biznesmendir, 1968-ci ildə anadan olub, əslən ermənistanlıdır. Moskvada Federal Təhlükəsizlik Xidmətinin bəzi vəzifəli əməkdaşlarının "krışası” altında bizneslə məşğuldur, Pokrovsk rayonunda mağazaları və kafeləri, o cümlədən, Domodedovo rayonunda restoranı var.
"Bu adamın əsas fəaliyyəti Moskvada imkanlı azərbaycanlıları FTX-nin əli ilə ilişdirməkdən, onlara tələ qurmaqdan ibarətdir. Tofiq Əliyev əvvəlcə özünün hüquq-mühafizə orqanlarındakı "krışası”nın əli ilə bu azərbaycanlılara problem yaradır, sonra isə guya onlara yaxşılıq edərək, iri məbləğdə pullarını almaqla problemi "həll edir”. Həbs olunmazdan bir neçə ay əvvəl Tofiq Əliyev məndən 405 min dollar almışdı ki, miqrasiya qanunlarını pozmaq iddiası ilə barəmdə çıxarılan hökmü ləğv etdirəcək və Rusiyadan deportasiya olunmağıma, bu ölkədə yaşamaq icazəsinin ləğvinə imkan verməyəcək. Əvəzində isə bir neçə ay sonra SOBR (polisin çevik reaksiya dəstəsi) evimə basqın edib məni həbs etdi, ardınca isə Rusiyadan deportasiya olundum. Və Tofiq Əliyev bu günə qədər həmin pulu qaytarmayıb”, - Məhərrəm Quliyev əməkdaşmıza bildirib.
O deyib ki, Tofiq Əliyev başqa imkanlı azərbaycanlıları da eyni sxemlə soyub, onlardan külli miqdarda pullar alıb.
"Bu adamın siyahısında mənim bildiyimə görə, azı 10 imkanlı azərbaycanlı iş adamlarının adları var. Hətta onları mənim aqibətimlə qorxudur, şantaj edir, mesaj verir ki, onun şərtlərini qəbul etməyənləri Məhərrəmin aqibəti gözləyəcək”,- şəmkirli biznesmen bildirib.
Lakin Moskvada imkanlı azərbaycanlılara tələ qurmaqla məşğul olan Tofiq Əliyevin özü də iki ay əvvəl "ilişib”. Belə ki, onun növbəti qurbanlarından biri Domodedovo rayonunda ticarət obyektlərinin sahibi olan azərbaycanlı Tariyel Nağıyev idi.
Nəticədə T.Əliyev T.Nağıyevdən 200 min dolları alarkən təxminən iki ay əvvəl həbs olunub. Və məlumata görə, onun FTX-dəki adamlarına qarşı da cinayət işi qaldırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !