“Sovet dövrününü bir çox mənfiliklərinə baxmayaraq, ümumtəhsil məktəblərində hər gün vətənpərvərlik mövzusunda təbliğat işi aparılırdı. Təəssüf ki, indi bu istiqamətdə marifləndirmə işləri aparılmır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Laçın rayon icra hakimiyyətinin təşəbbüsü ilə hərbi ixtisaslara yiyələnmək arzusunda olan rayon ümumtəhsil məktəblərinin şagirdləri ilə keçirilən görüşdə çıxış edən Ə. Həsənov işğal altında olan rayonların orta ümumtəhsil məktəblərinin şagirdlərinin hərbi ixtisaslara yiyələnmək istəməməsinə görə təəssüfünü ifadə edib: “Ötən dərs ilində işğal altında olan 10 rayondan orta məktəb buraxılışında cəmi 30 uşaq hərbi liseyə və hərbi akademiyaya qəbul olub. Vətən hamımızındır. Ona görə də, hər bir azərbaycanlıda vətənpərvərlik hissi yüksək olmalıdır. Torpaqları işğaldan azad etmək üçün güclü ordumuz var. Yeni müdafiə nazirimiz də ordumuzun güclənməsi üçün çalışır. Ancaq yaddan çıxarmaq lazım deyil ki, ordu xalqdan, xalq da ordudan ibarətdir. Ordumuzda cəmi 422 nəfər işğal olunmuş ərazilərin sakinlərindən ibarət zabit orduda xidmət edir”.
Ə. Həsənov əsgərə qarşı münasibətin dəyişməsindən də danışıb: “Əvvəllər hər kəs əsgərə hörmətlə yanaşırdı. İndi isə əsgərə xalqın münasibəti tamam dəyişib. Yolda əsgər saatlarla dayanır, ancaq heç kim ona fikir vermir. Bu nə deməkdir? Budurmu azərbaycanlının orduya olan münasibəti? Belə münasibətlə qarşılaşan ordu nə edə bilər? Bu cür orduya kim getmək istəyər? Bu gün hər kəs biznesmen olmaq niyyətindədir. Ancaq hər kəs biznesmen ola bilməz. Ona görə də hər kəs öz qabiliyyətinə uyğun sənətə yiyələnməlidir. Biz bu məsələni belə qoymayacağıq. Ona görə də bu məsələni böyüdəcək və həllinə çalışacağıq”.
ANN.Az