"BakuBus” MMC avtobuslardakı qəza düymələrindən istifadə ilə bağlı sərnişinlərə çağırış edib.
Trend-in məlumatına görə, MMC-nin mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkədə yazıb ki, sərnişinlər çox vaxt qəza düyməsindən dayanacaqdan kənarda düşmək məqsədilə istifadə edirlər. Bu isə yolverilməzdir.
N.Allahyarova qeyd edib ki, fotodakı bu düymə qəza çıxışının düyməsidir. Ondan ancaq qəza və ya fövqəladə hadisə zamanı istifadə etmək tələb olunur: "Bəzi sərnişinlər sürücünün dayanacaqdan kənarda saxlamadığını gördükdə, acıq edərək işıqforda bu düyməni basır. Düymə basılanda qapılar avtomatik sıxılaraq açılır və qapı açıq olduğu müddətdə sürücü avtobusu hərəkətə gətirə bilmir. Sürücü məcbur olur ki, düşsün və qapının əvvəlki vəziyyətini bərpa etsin. Nəticədə həm vaxt itkisi, həm də arzuolunmaz mübahisəyə yol açılır".
O, əlavə edib ki, sərnişinlərin bütün istəkləri nəzərə alınır: "Ancaq bu istəklər qaydalara və standartlara ziddirsə, heç bir halda qəbul edilə bilməz. Dünyanın heç bir ölkəsində avtobus sərnişinləri evlərinin yaxınlığına qədər daşımır".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !