"Bu fərman sahibkarlara öz hüquqları olduğunu xatırlatdı" - AÇIQLAMALAR

17:50 | 27.10.2015

"Bu fərman sahibkarlara öz hüquqları olduğunu xatırlatdı" - AÇIQLAMALAR

Son günlər ölkə başçısı İlham Əliyev sahibkarlığın inkişafına dəstək göstərilməsi,  onların fəaliyyətinin asanlaşdırılması, eyni zamanda mane olan halların, problemlərin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər həyata keçirib. Prezidentin oktyabrın 26-da imzaladığı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” prezident fərmanına görə, bundan sonra istənilən dövlət qurumu istənilən özəl şirkətdə yoxlamalar apara bilməyəcək. Yoxlama, nəzarət funksiyasına aydınlıq gətirən bu sənədlə yanaşı prezident "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısını da rəsmiləşdirib.

Qeyd edək ki, hələ 2002-ci ildə mərhum prezident Heydər Əliyev "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərman imzalamışdı və o vaxt da məqsəd sahibkarlığın inkişaf etdirilməsi və əsassız yoxlamaların aradan qaldırılması idi. Lakin 2014-cü ilə bu fərman digər bir sənədlə ("Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə prezident fərmanı) ləğv olunmuşdu. 

ANN.Az xəbər portalı 2002-ci ildə imzalanmış fərmanın 2014-cü ildə hansı səbəbdən ləğv olunmasının səbəblərini araşdırmağa çalışıb. Eyni zamanda xəbər portalının suallarını cavablayan iqtisadçı ekspertlər - "Ekonomiks”  Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov və iqtisadçı alim Oqtay Haqverdiyev  mərhum prezident Heydər Əliyevin 2002-ci ildə qəbul etdiyi sənəddən sonra Azərbaycan sahibkarlığında hansı dəyişikliklərin olduğunu şərh edib və eyni nailiyyətlərin əldə edilib-edilməyəcəyini təhlil ediblər.   
 
 

İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun fikrincə, bu fərmanın verilməsinin məqsədi sahibkarların fəaliyyətinin əsassız yoxlamalarına son qoymaqdır: " Bu gün həqiqətən də çox yersiz yoxlamalar aparılır. Bu işin özündə müəyyən normalar var. Yəni müəssisə hansı hallarda yoxlanıla bilər? Bax bu suala qəbul edilmiş fərmanda və ona əlavədə konkret cavab verilib”.

Birlik sədrinin sözlərinə görə, bu məsələnin aktuallığı 90-cı illərdə də ortaya çıxmışdı: "1996-cı il iyunun 17-də mərhum prezident Heydər Əliyev "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzaladı və sənəd sahibkarlıq sahəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu kimi tədbirlərin sayəsində ölkə iqtisadiyyatında əsaslı dirçəlişə nail olundu. Yəni müstəqillik dövrümüzün başlanğıcında da belə bir qərarın qəbul edilməsinə ehtiyac yaranmışdı. Hazırki vəziyyətdə isə yoxlamaların sayının azaldılması, əsassız olan yoxlamaların qadağan edilməsi günün vacib bir məsələsinə çevrilmişdi. Odur ki, prezident İlham Əliyev yaranmış vəziyyəti çox düzgün dəyərləndirib və haqlı olaraq belə bir addım atıb”.
 
 

Məsələyə münasibət bildirən iqtisadçı ekspert  Oqtay Haqverdiyev xatırladıb ki, 2002-ci ildə də mərhum prezident yoxlanılacaq obyektlərin siyahısı haqqında fərman imzalayıb: "Bu fərmandan sonra Heydər Əliyev sahibkarlarla ünsiyyətdə oldu, onların hamısının problemlərini  dinlədi. Onlardan problemlərin nə olduğunu, hansı təklifləri olduğunu soruşurdu. Bunların hamısını bir-bir öyrənəndən, onlarla təmasda olandan sonra  bu fərmanı verdi. O vaxt belə qayda qoyulmuşdu ki, sahibkarlıqla bağlı bütün yoxlamaları Maliyyə Nazirliyi həyata keçirsin. Bu qaydaya 2-3 il riayət olundu. İllər keçdikdən sonra hər bir qurum özündə nəzarət funksiyasını yaratdı”.
 
Ekspertin hesab edir ki, prezident İlham Əliyevin dünən imzaladığı iki sənəd 2002-ci ildə qəbul edilmiş fərmanın müsbət nəticələr əldə etməsi ilə əlaqədardır: "Yoxlanılacaq obyektlərin siyahısının müəyyən edilməsinin özü də müsbət addımdır. Bundan sonra hər hansı sahibkarın obyektinə başqa yoxlama gələrsə, sahibkar həmin fərmanı gələn yoxlamaya göstərəcək və bildirəcək ki, sizin bizim obyekti yoxlamağa hüququnuz yoxdur. Sahibkar öz hüquqlarını daha yaxşı müdafiə edəcək”.

Fərmanın qəbul edilməsinin digər müsbət cəhətini vurğulayan ekspert əlavə edib ki, o vaxt sahibkarlarla bağlı yoxlamaları ancaq Maliyyə Nazirliyi həyata keçirirdisə, indi sadəcə müəyyən edilmiş qurumlar ancaq özlərinə məxsus obyektləri yoxlayacaqlar: "Misal üçün, Maliyyə Nazirliyinə tapşırılıb ki, siğortanı yoxlaya bilər. Başqa obyektləri yox”. 


Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb