Bu gün Amerikada Azərbaycan müzakirə ediləcək

16:45 | 12.01.2015
Bu gün Amerikada Azərbaycan müzakirə ediləcək

Bu gün Amerikada Azərbaycan müzakirə ediləcək

2015-ci il yanvarın 12-də, bu gün Vaşinqtonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu Azərbaycanla bağlı müzakirələr keçirəcək.  Bəs, Azərbaycandan hansı siyasi təşkilatlar və nümayəndələr həmin tədbirə qatılacaq? 

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında bildirib ki, həmin dinləmələrə parlament nümayəndələrindən heç kim qatılmayacaq. 

"Çünki bu dinləmələrdə iştirak bilavasitə həmin təşkilatın dəvəti ilə bağlıdır. Bizə isə dəvət gəlməyib. Azərbaycanda olan ictimai-siyasi təşkilatların da dinləmələrdə iştirakı gözlənilmir”. 

REAL hərəkatının üzvü Erkin Qədirli isə söyləyib ki, müzakirələrdə onları tarixçi Altay Göyüşov təmsil edəcək. 

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az saytına açıqlamasında ABŞ-da Azərbaycanın media və söz azadlığı sahəsindəki vəziyyəti ilə bağlı keçiriləcək müzakirələrə münasibətini bildirib.

YAP-çı deputat hesab edir ki, bu cür tədbirlərin Azərbaycan dövlətinə heç bir aidiyyatı yoxdur:

"Hansısa Qeyri-Hökumət Təşkilatının keçirdiyi tədbirin Azərbaycana heç bir təsiri də olmayacaq. Ölkəmizdəki proseslər Azərbaycan vətəndaşının iradəsi və seçimi ilə həyata keçirilir”,-deyə Aydın Mirzəzadə bildirib. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, müzakirələrdə AXCP və Milli Şura üzvlərindən kimsə iştirak etməyəcək. 

Azərbaycan Xarici İşlər Nazirliyindən isə Modern.az-a bildirilib ki, tədbir Qeyri-Hökumət Ttəşkilatı səviyyəsində təşkil edildiyindən buna münasibət açıqlamayacaqlar. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM