Dəmir yolunun Zəyəm-Dəllər mənzilində 12,3 km yolun əsaslı təmirinə başlanılıb.
Bu gün start götürən təmir işləri on gün davam edəcək.
ANN.Az-ın “Azərbaycan Dəmir Yolları”na istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun təmiri dekabr ayının ikinci dekadasında başa çatacaq.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Bildirək ki, əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 301 kilometr yol əsaslı təmir olunub, bunun da 240 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.
ANN.Az