Dövlət İmtahan Mərkəzi tərəfindən 3 noyabr 2024-cü il tarixində taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib. İmtahan DİM-in elektron imtahanlar korpusunda baş tutub.
Mərkəzdən verilən məlumata görə, imtahan elektron qaydada, kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmək üçün zəruri şərait yaradılıb. İmtahan bitdikdə namizədlər nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəticələr sabah gün ərzində DİM-in saytında da yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün 775 namizəd qeydiyyatdan keçib, onlardan 754 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 662 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplayan şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılır və onlara 7 (yeddi) il müddətinə etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 5 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.
10:06
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan keçirəcək.Bu barədə DİM-dən bildirilib.
İmtahan vermək üçün 774 nəfər qeydiyyatdan keçib.
Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda saat 16:00-da başlanacaq və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.İştirakçılar imtahana buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.Namizədlər imtahana gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Həmin sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !