"Report"un məlumatına görə, turnirin final oyununda İtaliya və İngiltərə yığmaları üz-üzə gələcəklər. Londondakı "Uembli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.
Avropa çempionatında Apennin təmsilçisi 2-ci, britaniyalılar isə ilk dəfə finala vəsiqə qazanıblar. Bu oyun komandaların ümumilikdə 28-ci dueli olacaq. Əvvəlki qarşılaşmaların 10-da Roberto Mançinin baş məşqçi olduğu kollektiv, 9-da Qaret Sautgeytin rəhbərlik etdiyi yığma qələbə qazanlb. Doqquz oyunda isə qalib müəyyənləşməyib. Qolların sayında isə İngiltərənin üstünlüyü var - 33:31.
Komandalar son olaraq 2018-ci ildə "Uembli"də yoldaşlıq matçında qarşılaşıblar. Həmin oyun 1:1 hesabı ilə yekunlaşıb.
Finaladək məğlub olmayan kollektivlərdən İtaliya 12, İngiltərə isə 10 qol vurub. Əvəzində Britaniya təmsilçisi qapısında cəmi 1 top görüb. "Skuadra Adzurra"nın buraxdığı qol sayı isə 3-dür. İngilislərin heyətində ən sərrast futbolçu 4 qol vuran Harri Keyndir. Onu 3 qolla Rahim Sterlinq izləyir. İtaliyalılarda isə Federiko Kyeza, Çiro İmmobile, Lorentso İnsinye, Manuel Lokatelli və Matteo Pessina hərəyə 2 dəfə fərqləniblər.
Avropa çempionatı
Final
23:00. İtaliya - İngiltərə
Baş hakim: Byörn Kuypers (Niderland)
London, "Uembli" stadionu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !