Yanvarın 26-da Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib.Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Paytaxtdakı 258 və 47 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlarda ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə eksternlər hər birindən 10 sual olmaqla 11 fənn üzrə biliklərini nümayiş etdiriblər. Hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) imtahan veriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə və İdarənin Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov imtahan prosesini müşahidə ediblər.
Eksternat imtahanlarında iştirak etmək üçün BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 322 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 910 nəfər olmaqla, ümumilikdə 1 232 şəxs qeydiyyata alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !