Çingiz Fuad oğlu Mustafayev 29
avqust 1960-cı ildə Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar
kəndində Fuad və Naxış Mustafayevlərin ailəsində anadan olmuşdur. 1964-cü
ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Atası onu hərbçi görmək istədiyindən,
Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayır. O, burada 3-cü
sinifdən 10-cu sinfə qədər təhsil alır. Lakin sonradan hərbi məktəbi tərk
edib, orta məktəbə daxil olmuşdur. 1977-ci ildə Yasamal rayonunda 167
saylı məktəbi bitirmişdir.
İslahatçı-novator olan Çingiz Mustafayev 1970-ci
illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur. O,
Azərbaycanın ilk DJ-i kimi tanınır. 1981-ci ilin sentyabr ayında,
Mustafayevin başçılığı altında, 12 nəfərdən - "light DJ"
və "texnik"lərdən ibarət olan "3M” adlı qrup yaratmışdır. Anası
onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan
Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə
bitirir.Təhsilini başa vuran Çingiz Mustafayev təyinatla Dəvəçi rayonunda
(indiki Şabran) üç il həkim işləmişdir. Tibb İnstitutunu bitirdikdən
sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin
edilir.
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan
dilində "Dünənki keçdi" rep janrlı mahnısını
səsləndirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki
fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır. Birlik Sovet
İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk
yetkin təzahürü idi. 1990-cı illərdə Azərbaycan televiziyasında
"Ekspromt" verilişinin və "Ozan" rok qrupunun yaradıcısı
olmuşdur. 1988-ci ildə rejissor Vaqif Mustafayevin "Yaramaz" bədii
filmində çəkilib. 1990-cı il 20 yanvar hadisələri zamanı Çingiz Mustafayev
klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabrından
jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət
göstərmişdir. Amma Çingiz Mustafayev Azərbaycan miqyasında fəaliyyət
göstərməklə kifayətlənmir. Onun reportajları informasiya blokadasında olan
Azərbaycan haqqında həqiqətlərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və
televiziyalarına yol tapır. Dövlət televiziyasında mövcud olan senzura və ciddi
qadağalar Çingizi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də
Çingiz, əlahiddə olaraq, "215 KL" studiyası kimi muxtar qurumun
yaradılmasının təşəbbüskarı və yaradıcısı olur. Onun reportajları bir qayda
olaraq cəbhədən olduğundan, tamaşaçılar "215 KL" studiyasını məhz
müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ
xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla
yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun
müəllif yaradıcılığı idi.
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ
müharibəsi haqqında 18 sənədli film çəkmişdir. O, döyüş zonalarına yalnız
reportyor kimi yollanmırdı. Çingiz Mustafayev cəbhədə bir əsgər, zabit və hətta
komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə
onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin
yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik
səhifələri kimi yadda qalmışdır. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər
bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə
tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün
dünyada ciddi sarsıntıya məruz qaldı.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1993-ci il tarixli 294 saylı fərmanı ilə Çingiz Fuad oğlu Mustafayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Çingiz Mustafayevin
Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına
hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Şüvəlanda yerləşən uşaqlar üçün yay düşərgəsi, Bakı küçələrindən biri, ANS ÇM
radiostansiyası, "Palmali" Şirkətlər Qrupuna məxsus tanker onun adını
daşıyır. 1996-cı ildə "Dəyirman" qrupunun sayca ikinci olan
"Qurd" albomundan olan "Ya Qarabağ, ya ölüm" mahnısı Çingiz
Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
2010-cu il avqustun 28-də ABŞ-ın CNN telekanalı Çingiz
Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair
reportaj yayımlayıb. 2011-ci ilin 31 avqustunda Almaniyada 3 min nüsxə ilə
Çingiz Mustafayevin təsviri olan poçt markası buraxılıb. Şahdağda 4062 metr
hündürlükdə yerləşən və 2000-ci ildə fəth olunan zirvəyə "Çingiz
zirvəsi" adı verilib. Zirvədə onun adının həkk olunduğu lövhə var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !