Digər Xəzəryanı ölkələrdə də axtarış aparılacaq
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin tapılması istiqamətində axtarışların miqyası genişləndirilib.
Bu barədə "Report"a "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.
Qeyd olunub ki, Xəzər dənizinin Rusiya, Türkmənistan, Qazaxıstan və İran sahillərində də axtarış aparılacaq.
Bu ərazilərdə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirəcək. Bu təyyarə dənizə eniş edə bilir.
Xəzərin Azərbaycan sektorunda isə hazırda axtarışa FHN-in 2 helikopteri, 3 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 5 axtarış gəmisi cəlb olunub.
Yaxın saatda Dövlət Sərhəd Xidmətinin 9 helikopteri axtarışa qoşulacaq.
Eyni zamanda FHN-in Sularda Xilasetmə Xidmətinin qüvvələri sahilboyu axtarışı həyata keçirirlər. Hazırda təxminən 65 nəfər sahilboyu axtarış aparır.
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində hasilat quyularındakı yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hazırda 6 gəmi yanğının söndürülməsi ilə məşğuldur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !