Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?

10:42 | 24.08.2022
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?

Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?

2022-ci il yanvarın 24-dən bu günədək işğaldan azad olunmuş ərazilərə müəyyən edilmiş istiqamətlər üzrə 312 reys həyata keçirilib, 13069 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev bildirib.
 
Rzayev qeyd edib ki, avqustun 24-də Şuşaya 10000-ci sərnişin səfər edib. Sözügedən sərnişin Gülnar Orucovaya təntənəli yolasalma mərasimində  "10000-ci sərnişin sertifikatı” və hədiyyə təqdim edilib. 
 
Əslən şuşalı olan, 5 yaşında ailəsi ilə Şuşanı tərk edən Gülnar Orucova 30 ildən sonra atası Kamal Həsənovla birgə  Şuşanı ziyarətə gedib. 

lnarə Orucova qeyd edib ki, ailəsi məcburi köçkün olaraq Qəbələdə məskunlaşıb, buna baxmayaraq onlar Şuşaya bağlı ruhda böyüyüblər.
 
"Şuşa haqqında valideynlərimdən o qədər xatirələr eşitmişəm ki, mənə elə gəlir, bütün ömrümü Şuşada keçirmişəm”, – Gülnar Orucova bildirib. 
 
Müəyyən olunmuş istiqamətlər üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

Sərnişindaşımanı həyata keçirən sürücüləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib. Onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir. 

Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.
 





Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti