Cənubda yaşayan soydaşlarımızın diskriminasiyaya məruz qalması, hüquqlarını tapdanması, şəxsiyyətlərinin aşağılanması dəfələrlə ictimai müzakirəyə çıxarılsa da, bu problem hələ də həll olunmamış qalıb.
Noyabrın 6-da İran Dövlət Televiziyasında komediya janrında tamaşaçılara təqdim olunan səhnəçik yenidən cənubda azərbaycanlıların, xüsusilə də tələbələrin etirazına səbəb olub. Səhnəçikdə diş fırçası ilə tualet fırçasını bir-birindən fərqləndirə bilməyən, dişlərini tualet fırçası ilə təmizlədiyi üçün ağzı pis qoxan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi hissələrdə türkcə dialoqlar yer alıb.
Qeyd edək ki, xeyli müddət idi cənubda milli zəmində etirazlar olmurdu. Xüsusilə indiki prezident Həsən Ruhaninin dövründə ilk belə aksiyadır ki, baş verir. Azərbaycanlıların yenidən təhqir olunması, aşağılanması nə ilə bağlıdır? Bu təxribat ola bilərmi?
ANN.Az mövzu ilə bağlı politoq və siyasətşünaslar - Zərdüşt Əlizadə, İlqar Vəlizadə və Fərəc Quliyevin fikirlərini öyrənib.
Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, İran Dövlət Televiziyasında bir milləti bu formada təhqir etmək ilk növbədə tərbiyəsizliyin nümunəsidir: "Hesab edirəm ki, bu aksiyaların keçirilməsini siyasətə bağlamaq olmaz. Bu məsələ dərindən araşdırılsa da, ona başqa don geyindirmək düzgün deyil. Əgər orada azərbaycanlıların hüquqlarının pozuntusundan söz gedirsə, o zaman tamam başqa tədbirlər görülməliydi. Cənubda yaşayan azərbaycanlıların yaşam tərzinin qənaətbəxş olması məsələsinə gəlincə, bu suala ən yaxşı orada yaşayan azərbaycanlılar cavab verə bilər. Çünki onların yaşam tərzinin, hər hansı hüquq pozuntuları haqqında başqa birinin danışması düzgün olmazdı”.
İlqar Vəliyev
Siyasətşünas İlqar Vəlizadənin fikrincə, İranda məişət millətçiliyi (fars millətçiliyi) dərin köklər salıb: "Məlum hadisələrdən sonra fars millətçiliyi özünü çox bərbad şəkildə göstərdi. Baxmayaraq ki, oradakı ideologiya farsçılıq deyil, irançılıqdı. Bu cür millətçilik də özünü ara-sıra göstərir. İrqçiliklə bağlı onlara dəstək verən qüvvələr olduğundan İranda milli ayrı-seçkiliyi olur, nəticədə belə aksiyalar, üsyanlar baş qaldırır. Belə askiyalarda daha çox anti-azərbaycançılıq hissləri ön çərgəyə çıxır. Bu da həm İranda yaşayan azərbaycanlıları, həm də dünya azərbaycanlılarını narahat etməyə bilməz”.
Politoloqun sözlərinə görə, məsələni kökündən araşdırdıqda bu aksiyaların İran hakimiyyətinə zidd olmadığı görsənir: "Amma reallıqda İran hakimiyyətinin daxilində də çox böyük ziddiyyət olduğu ortaya çıxır. Bu səbəbdən də belə hadisələrə rast gəlinir. Baş vermiş proseslərlə bağlı İran rəhbərliyi də bacarmır, ziddiyyətlərin öhdəsindən gələ bilmirlər. Güman edirəm ki, bu hadisələr İran üçün çox ciddi bir siqnaldır. Əslində, belə vəziyyətlərdən xarici qüvvələr də istifadə edə bilər. Amma bu proses onların daxilində baş verir və problemin həllini də daxildə axtarmaq lazdımdır”.
Fərəc Quliyev
Milli Məclisin üzvü, deputat Fərəc Quliyev məsələyə münasibət bildirib. O, Azərbaycan türklərinin İranda dəfələrlə təhqir olunduğunu vurğulayıb: "Azərbaycan var olsun, istəməyən kor olsun”, "Azərbaycan milləti çəkməz bu zilləti”, "Haray, Haray, biz türkük” kimi şüarlarla vətən olaraq Azərbaycan, millət olaraq türk olduqlarını bir daha göstərirlər. Bu onların özlərini təsdiq istəkləridir. Bu şüarlar həm də qlobal milli şüarlardır. Bu aksiyalar orada Azərbycan türklərinin bir daha aktivləşməsinə təkan verir. Çünki bu kimi təhqirlər türklərə qarşıdır. Orada milli şüur oyanışı olmasaydı, hadisələrə belə təpki verilməzdi”.
F.Quliyev hesab edir ki, həm Urmiya gölü məsələsi, həm İranda yaşayan azərbaycanlılara qarşı sayğısızlıq milli şüurun oyanmasına xidmət edir: "Millət başa düşür ki, azadlıq əldə etmədən, müstəqil dövlət qurmadan, belə hallar hələ uzun illər davam edəcək. Bu aksiyaların nəticəsi təkcə İran Dövlət Televiziyasının təhbərliyinin istefası ilə nıticələnməməlidir. Eyni zamanda mili ayrı-seçkilik məsələsi, xüsusən azərbaycanlıların təhqir olunması problemi kökündən həll olunmalıdır”.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !