Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən noyabrın 27-də Odlar Yurdu Universitetində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbiri və Sumqayıt şəhərində əmək yarmarkası təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetdə keçiriləcək aktiv məşğulluq tədbiri tələbə və məzunların əmək bazarı, öz ixtisaslarına uyğun vakansiyalar barədə məlumatlar əldə etmələri, habelə işəgötürənlərlə ilkin əlaqələrinin qurulması məqsədinə yönəlib. Tədbirdə boş (vakant) iş yerləri də təqdim olunmaqla, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Əmək birjası tərəfindən qeydə alınacaq.
Sumqayıt şəhərində, Sumqayıt Dövlət Universitetinin foyesində təşkil olunacaq Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Yarmarkada sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq. Tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata götürüləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !