Bu il 94 ton taxıl tədarük edən fiziki məhdudiyyətli azərbaycanlı - FOTOLAR

22:27 | 29.08.2018
Bu il 94 ton taxıl tədarük edən fiziki məhdudiyyətli azərbaycanlı - FOTOLAR

Bu il 94 ton taxıl tədarük edən fiziki məhdudiyyətli azərbaycanlı - FOTOLAR

Bu dünyada hamının Tanrı payı, ömür qisməti heç də bərabər olmur. Heç də hamımız həyatın hamar yolları, rəvan axarı ilə getmir, bəzən mənəvi sarsıntılarımız, fizioloji-psixoloji problemlərimizlə mübarizə aparmalı oluruq. Bu mübarizədə isə taleyə boyun əyməyib həyatsevərliliyi, intellekti, zəhmətkeşliyi, Vətənə və torpağa bağlılığı ilə özünü cəmiyyətdə təsdiq etmək gücünə qadir olanlar qalib gəlirlər. Fiziki imkanlarının məhdudluğuna rəğmən həyata dördəlli sarılmaları, qabiliyyət və səriştələri ilə seçilən bu insanlar, əslində, həm də ilahi ərməğan olan cansağlığını, verilən həyat fürsətini dəyərləndirmək üçün bizlərə ibrətli nümunədirlər.
"Bu ucsuz-bucaqsız torpaq sahələrini ikinci evim hesab edirəm”

Anews.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı bu il 94 ton taxıl tədarük etmiş Babək rayonunun Şəkərabad kənd sakini, məhdud fiziki imkanlı fermer Aslan Məhərrəmovla görüşüb. Söhbət zamanı məlum olur ki, məhdud fiziki imkanlı fermer heç vaxt taleyinə boyun əyməyib, kiminsə əlinə baxmaqla, təmənnalı yaşamaqla barışmayıb, sözün əsl mənasında, aslan kimi həyatla mübarizəyə qalxıb və əzmi, iradəsi ilə qalib gəlib. Yaşadığı çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, həyatdan, belə desək, əlini, ümidini üzməyib. Dünəndən bu günə çətin bir yol keçib. Heç bir fiziki məhdudiyyət onu nələri isə əldə etməkdən, qazanmaqdan məhrum edə bilməyib. Əksinə, sağlam insandan daha artıq zəhmət çəkib, alnının təri ilə özünə gün-güzəran, yaxşı yaşayış qura bilib. Bu barədə söhbət edərkən deyir: "48 yaşım var. Elə Şəkərabad kəndində anadan olmuşam. Gördüyünüz bu ucsuz-bucaqsız torpaq sahələrini ikinci evim hesab edirəm. Bəzən düşünürəm ki, məni həyata bağlayan, yaşamağa vadar edən əsas amillərdən biri də bu qara torpaqdır. Fiziki imkanlarım məhdud olduğuna görə daim dövlətimizin qayğısını öz üzərimdə hiss etmişəm. Düşünürdüm ki, fiziki məhdudiyyətim əkin-biçin üçün maneə yaratmamalıdır. Ona görə də 2009-cu ildən bu işə başlamağa qərara aldım. İlk vaxtlar qohum-qardaş qərarımı heyrətlə qarşıladı. Lakin, nəticədə yaxşı bir ailə təsərrüfatı qurmağa müvəffəq oldum”.
57 hektarda taxıl, günəbaxan, bostan-tərəvəz əkib-becərir, 20 arı ailəsi saxlayır
Bu gün Aslan nəinki Babək rayonunun, hətta muxtar respublikanın ən nümunəvi torpaq mülkiyyətçilərindən birinə çevrilib. Bir də ki, dövlətin Naxçıvan kəndlisi üçün nəzərdə tutduğu bütün stimullaşdırıcı tədbirləri göz önünə gətirəndə, düşünürsən ki, bu cür təsərrüfat qurmaq heç də çətin deyil. Dövlət sahibkarın əlindən tutur, suyunu, torpağını, toxumunu, gübrəsini verir. Deyir, ək-biç, məhsul bolluğu yarat, ərzaq təhlükəsizliyinə töhfə ver. 57 hektar sahədə əkin aparan zəhmət adamı Aslan Məhərrəmov kimi...
Bu il 47 hektar taxıl sahəsindən məhsul tədarük edən sahibkar 2 hektarlıq ərazidə günəbaxan, 8 hektar sahədə isə bostan-tərəvəz məhsulları əkib-becərib. Naxçıvançayda quraşdırılan nasoslar vasitəsilə suvarmanı həyata keçirən müsahibimiz həm də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində 20 arı ailəsi saxlayır. Naxçıvanın satış obyektlərinə göndərdiyi məhsullar öz dadı və keyfiyyəti ilə seçilir. Torpağı ən yaxşı iş yerinə çevirən fermer aylıq əməkhaqqı 450 manat olan 4 yeni iş yeri yarada bilib. Torpaqdan əldə etdiyi gəlir hesabına özünə "Mercedes” markalı avtomobil alıb.
"Ayaqlarımı itirsəm də, həyatdakı ümidimi itirməmişəm”
Torpağa tər töküb, zər qazanan həmsöhbətimiz deyir ki, bütün bu uğurların fonunda böyük bir güc, qüvvə var: o da dövlətimizdir. Fikrini belə əsaslandırır: "Ayaqlarımı itirsəm də, həyatdakı ümidimi itirməmişəm. Əvvəllər muxtar respublikada fiziki imkanlarını itirənlər böyük çətinliklər yaşayırdılar. Bu gün dövlətimiz bu qəbildən olan insanlara həssaslıqla yanaşır. İndi Naxçıvanda Əlillərin Bərpa Mərkəzi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi və digər dövlət qurumları fəaliyyət göstərir. Bu da həmin kateqoriyadan olan insanların sağlamlığının bərpasına, onların cəmiyyətə adaptasiya olmasına böyük stimul verir. Şükür, bu gün mən də heç kimə yük deyiləm, dolanışıq dərdi çəkmirəm. Evdə hər zaman oğul-uşağa da başa salıram ki, həyatda heç vaxt ələbaxım yaşamaq olmaz. Zəhmət bataqlıqda belə, gül bitirər. Çalışın qazandığınız bütün nailiyyətlərdə özünüzün imzanız olsun. Gördüyüm bütün təsərrüfat işlərində oğlanlarım mənə yaxından kömək göstərirlər. Böyük oğlum Eldar Şəkərabad məktəbinin X sinfində oxuyur. Təhsil ocağının yaxşı şəraiti var. Buna görə də keçirilən sınaq-test imtahanlarında 400-500 arası bal toplayır. Ümumiyyətlə, kəndimizdə sosial problemlər uğurla həll olunur. Ötən ay Ali Məclis Sədrinin iştirakı ilə Şəkərabadda içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verildi. 400-ə yaxın ev içməli su ilə təmin olundu. İndi ekoloji cəhətdən təmiz sudan istifadə edə bilirik. Fiziki imkanları məhdud şəxslərə göstərdiyi diqqətə, torpaq mülkiyyətçiləri üçün yaratdığı şəraitə, kəndimizdə həyata keçirdiyi genişmiqyaslı abadlıq işlərinə görə muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm”.
Aslan Məhərrəmovun həyatı, doğrudan da, hər birimizə nümunədir. Uca Yaradanın ona bəxş etdiyi həyat eşqi, torpaq sevgisi, yurda bağlılıq sayəsində sabaha hər zaman böyük inam və nikbinliklə baxıb. Deməli, heç bir fiziki məhdudiyyət qarşımızda əngəl, maneə ola bilməz. Aslan Məhərrəmov kimi torpaq aşiqini görəndə Naxçıvanda dövlətimizin insan amilinə böyük diqqət və həssaslıqla yanaşmasını bir daha minnətdarlıqla xatırlayırsan. Muxtar respublikada sahibkarlar, sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan hərtərəfli şərait, heç şübhəsiz ki, bu gözəl diyarımızın sosial-iqtisadi inkişafına bundan sonra da öz töhfəsini verəcək.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM