Vətəndaşların pensiya kapitalı 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Bunu deputat Vüqar Bayramov facebook hesabında yazıb.
O bildirib ki, "Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, bu il indeksləşdirilərək artırılmalıdır.
"Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni, pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq",- deputat vurğulayıb.
Deputat bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub.
"Bu o deməkdir, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni, əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir", - deputat bildirib.
Deputat əlavə edib ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir.
"Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı proqnozlaşdırılır. Hər iki göstərici ilə bağlı sərəncamın Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir”,- deputat vurğulayıb.
2023-cü ildə Azərbaycanda inflyasiya 8,8% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
"2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 faiz təşkil edib", - Dövlət Statistika Komitəsinin saytında bildirilib.
Komitənin məlumatına görə, 2023-cü ilin dekabrında noyabra nisbətən istehlak qiymətləri 0,5 faiz, əvvəlki ilin dekabrına nisbətən isə 2,1 faiz artıb.
Keçən ilin dekabrında noyabra nisbətən ərzağın qiyməti q 1%, xidmətlərin dəyəri isə 0,1% artıb, qeyri ərzaq məhsullarının qiymətində isə dəyişiklik olmayıb
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !