Artıq dünya bir neçə aydır ki, koronavirus
pandemiyasından əziyyət çəkir. Çoxlu sayda intensiv yoluxma və
ölüm halları yaşam şərtlərini iflic edib. Dünya bu pandemiya qarşısında fövqəladə
vəziyyət və xüsusi karantin qaydaları ilə müdafiə olunmağa çalışır. Bir çox sahələrlə
yanaşı, iqtisadiyyat da virusun iflic etdiyi sahələrdən biridir. Xüsusi
karantin rejimində daxili və xarici iqtisadi aktivlik ciddi səviyyədə zəifləyib.
Təbii ki, bu iqtisadi zəifliyi əhali də öz həyatında hiss edir. İş yerlərinin
bağlanması, onları gəlirlərindən məhrunm edir. Bu səbəbdən bir çox ölkələrdə, o
cümlədən Azərbaycanda iqtisadi paketlər hazırlanıb. Hökumət bəyan edib ki, bu
paket əhalinin mütləq əksaəriyyətini əhatə edəcək. Bəs görəsən, Azərbaycanda
hazırlanmış iqtisadi paket həqiqətən də əhalinin mütləq əksəriyyətini əhatə
edirmi və nə qədər yetərlidir? Hansı sahələr və kimlər bu paketdən bəhrələnə
biləcək? Suallarımıza iqtisadçı ekspert Rövşən Ağayevl cavab verdi:
- Hökumətin daha çox sosial müdafiə və məşğulluq istiqamətində hədəflədiyi paket üzdə olan rəsmi statistikaları nəzərə alır və ölkədə qeyri-rəsmi işləyən insanları, uçota alınmayan işsizləri nəzərə ala bilmir. Amma hətta rəsmi statistikalar da göstərir ki, qeyri-rəsmi məşğul olanların sayı, rəsmi məşğul olanların sayından ən azı iki dəfə çoxdur. Aparılan araşdırmalar, hökumətin özünün rəsmi statistikası da göstərir ki, Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında aparılan işsizlik statistikasına görə, Azərbaycanda olan işsizlərin sayı hökumətin göstərdiyi işsizlərin sayından ən azı 4 dəfə çoxdur. Bu baxımdan, qısa desək, hökumətin sosial müdafiə və məşqulluq istiqamətində hazırladığı o paket mövcud vəziyyətə adekvat deyil. Böhran rəsmi və ya qeyri rəsmi iqtisadiyyat tanımır. Kimsə əmək müqaviləsi ilə işləmirsə onun da iş yeri bağlanır. Hazırda hər 3 nəfərdən ikisi müqaviəsiz işləyir. Müqavilə ilə çalışan dövlətdən dəstək alır. Müqaviləsiz işləyən almır.
Proqramın həyata keçirilmə mexanizmləri nə dərəcədə aydın göstərilib?
- Aydın deyil. Xüsusilə kreditləşmə ilə bağlı hissədə çoxlu açıq qalan suallar var. Məsələn, 500 milyon manata kimi götürülmüş kreditlərə 60% zəmanət verilməsi ilə bağlı aydın deyil ki, bu 500 milyon manatı dövlət girov kimi qoyacaq, yoxsa götürülən kreditlərin bir hissəsinin kompensasiyası kimi. Bundan başqa, bilirsiniz ki, banklar kredit verdiyi zaman aktivlərin keyfiyyətinin qorunması və aktivlər üçün ehtiyyat normalarının ayrılması kimi bəzi requliyativ normaları nəzərə almalıdır. Orda sonuncu bənddə bir hissə var, deyir ki, banklara pandemiyaya görə, yaranmış vəziyyətlə bağlı requliyativ tətil veriləcək. Ancaq burda çox ümumi qeyd olunub və bilinmir ki, hansı requliyativ tətildən söhbət gedir. Yəni, bu cür qeyri-müəyyənliklər var. Ən başlıcası isə, hökumət açıqlamalı idi ki, bu iqtisadi paket nəyi hədəfləyir? Məsələn, iqtisadi azalmanın qarşısını almağı hədəfləyirsə, nə qədər ala biləcək? İqtisadi artımı stabil saxlayacaqsa, saxlaya biləcəkmi? Yəni, düşünürəm ki, daha anlaşılan bir paket hazırlamaq olardı.
VOEN ilə işləyən fiziki şəxslər qrupuna aid sahibkarlar bu proqramda dəstəkləniblərmi?
- Dəstək var. 300 min fərdi sahibkara 80 milyon manat çərçivəsində dəstək nəzərdə tutulub, amma bu da çox azdır.Əgər 300 min nəfərə də ödənsə, bu, hər şəxs üçün 266 manat vəsait deməkdir. Əgər bu insanların ayaqda qala bilmək meyarından çıxış etsək, bu məbləğ azdır. Düzdür, hökumət fiziki şəxs olan sahibkarlar üçün başqa güzəştlər də nəzərdə tutur, məsələn, onlar əmlak və torpaq vergisindən azad edildilər. Ancaq iri müəssisələrdən, fərdi müəssisələrdən fərqli olaraq, fərdi sahibkarlar, xüsusən, VOEN açıb işləyən fərdi sahibkarlar demək olar ki, bu vergilərin ödəyiciləri olmular. Yəni, bir çox hallarda təklif olunan vergi güzəştləri fərdi sahibkarların yararlana bilməyəcəyi güzəştlərdir.
Proqram apreldən yardım edilməsini nəzərdə tutub, amma bir çox vətəndaşlar
artıq mart ayından işsizdir.
Dünyada tətbiq edilən hansı ölkələrin yardım proqramını daha məqbul sayırsız?
- Mən əsasən, Amerika, Almaniya kimi iri dövlətləri nəzərə aldım. Düşünürəm ki, Almaniyada əhaliyə dəstək çox irəlidədir. Mən yazılarımın birində də demişdim ki, hökumət biznesə yardım paketi ilə paralel olaraq, əhalinin özünə yönülmiş dəstəkləri də artırmalı idi. Bu məsələdə Almaniya çox öndədir, orda həır vətəndaşa 5 min avro ekvivalentində dəstək verildi. Yəni, yaxşı olardı ki, əhalinin ev təsərrüfatına dəstək çox olsun. Iqtisadi artımın qorunmasında əsas amil, isttehlakçıların xərclərinin qorunmasından keçir. Bu gün Azərbaycanda bu dəstəyin əhaliyə yönələn hissəsi çox aşağıdır. Düzdür, hökumət indi 10 min nəfər insanın da maaşını saxlayır, amma bu onsuz da nəzərə alınmışdı, əlavə büdcədən ayrılan dəstək olmadı. Amerikada 2,5 trilyonluq ilkin paket açıqlandı, o paketin 1/5-i birbaşa əhaliyə verilənlərdir. Amma nəzərə alınmalıdır ki, orda əhaliyə verilən vəsaitlə yanaşı, biznesə verilən vəsaitin də bir hissəsi dolayı yolla əhaliyə çatır. Yəni Amerikada əhaliyə verilən dəstəklə yanaşı, biznesə verilən dəstəyin də bir hissəsinin onlara çatmasını nəzərə alsaq, biz bu məsələdə çox geridə qalırıq. Düşünürəm ki, bizdəki paketdə hökumətin əsas istiqaməti o olmalı idi ki, qeyri-rsəmi məşqulluğu və qeyri-rəsmi işsizliyi də əhatə eləsin. Çünki bu insanların indiki durumda dözüm və immuniteti çox aşağı düşüb.
Həzi
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !