Venesuela prezidenti Nikolas Maduro sələfi Huqo Çavezin adını daşıyan "Yoxsul ailələrə yardım" layihəsində bığını mərcə qoyub.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Maduro ilin sonuna qədər hökumətin yardım layihəsi çərçivəsində 1 milyonunçu kasıba mənzil verə bilməzsə, bığlarını qırxdıracağını deyib. Yəni dövlət başçısının bığları tikinti nazirinin əlindədir.
Maduro mərhum prezident Huqo Çavezin adını daşıdığı mənzil layihəsi çərçivəsində inşa olunmuş 2 min 520 binanın açılış mərasimində iştirak edib. O, çıxışı zamanı 31 dekabr gününə qədər 1 milyonuncu kasıb ailəyə mənzilin açarını təqdim edəcəyini bildirib və əlavə edib ki, əgər bu vədini yerinə yetirə bilməsə, bığlarını qırxdıracaq: "Beləliklə də hər kəs mənim vədimi yerinə yetirə bilmədiyimi görəcək".
Daha sonra prezident tikinti nazirinə üz tutaraq işlərin surətləndirilməsini tələb edib: "Yəni anladın nə demək istəyirəm? Bığlarımın taleyi sənin əlndəndir, cənab nazir".
O, xalqın hakimiyyətə güvəndiyini, bacarıqsızlıq şanslarının olmadığını vurğulayıb.
Maduronun qapqara bığları yoxsul xalq tərəfindən bir zamanlar avtobus sürücüsü olan dövlət başçısının fəhlə sinfinin simvolu olaraq qəbul edilib.
Prezidentin bu açıqlamasından sonra internetdə onun bığsız fotoları yayılmağa başlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !