Gizli kameraların həyatımıza müdaxiləsindən heç kim sığortalanmayıb. Tibb, təhsil müəssisələrində , ictimai yerlərdə kamera quraşdırılması adi hala çevrilib.
Bu məsələ təhlükəsizlik baxımından sərfəli sayılsa da, kafe və restoranlarda, xüsusilə də, mağazalarda kameraların quraşdırılması son zamanlar narahatlığa səbəb olur.
Gizli kameraların xüsusilə geyim mağazalarının soyunub-geyinmə otağında yerləşdirilməsi daim izləndiyini düşünən müştərilərin haqlı qınağına səbəb olub.
Bu yaxınlarda Sabirabad şəhərinin mərkəzində yerləşən qadın geyimlərinin satışı il məşğul olan mağazalardan birində rüsvayçı hadisənin baş verməsi məsələni daha da aktuallaşdırıb.
İnsanlar şübhələndiklərindən artıq geyim mağazalarına getməyə, orada nəyisə geyinib baxmağa ehtiyat edir. Belə halların olması etikadan kənar sayılır və insanların şəxsi həyatına kobud müdaxilədir.
Əslində geyinib-soyunma otağına nəzarətçi də təyin etmək olar. Lakin mağazaların əksəriyyəti nəzarətçiyə aylıq maaş verməkdənsə kamera yerləşdirməyə üstünlük verir.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Xətayi Abbasov mağazaların soyunub-geyinmə otağında gizli kameraların quraşdırılmasının hüquqi tərəflərinə toxunub:
"Əgər fakt baş veribsə, bu insanların şəxsi toxunulmazlıq hüquqununun pozulması hesab edilir. Məsələ mülki və cinayət məsuliyyəti daşıyır. Mülki məsuliyyətə işgüzar nüfuz, şərəf və ləyaqət, məxfi sirlərin yayılması məsələsi daxildir. Mülki baxımdan alıcının kompensasiya tələb etmək hüququ var. Onun bu yolla yayılmış məlumatın təkzib olunması və yaxud yayılmış materialın geri qaytarılması və dəymiş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ var. Alıcı ilkin olaraq birbaşa məhkəməyə müraciət edə bilər. Əgər lentə alınmış görüntü hansısa internet kanalına yerləşdirilibsə, müştəri bu haqda mağaza rəhbərliyinə müraciət edərək, imtina cavabı alarsa, bu zaman məhkəməyə müraciət edə bilər. Cinayət baxımından məsuliyyət isə, cinayətin bütün əlamətlərini özündə büruzə verməlidir. Belə halların baş verməməsi üçün sahibkar obyektin hansı hissəsində çəkilişlərin aparılması ilə bağlı elanlar yağışdırmalı, açıq görünən, hamı tərəfindən oxunan yerdən asmalıdır”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !