Sumqayıta gedən bu marşrutların fəaliyyəti dayandırıldı Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb, bu barədə Trend-ə Sumqayıt şəhər sakinləri məlumat verib.
Məlumata görə, bu gün səhər saatlarından etibarən 985 (Binəqədi-Novxanı-Sumqayıt), 12b və 522 (Saray-Sumqayıt) və 12 (Xırdalan-Saray-Sumqayıt) saylı marşrutların şəhərə girişinə qadağa qoyulub. Nəticədə sərnişinlər saatlarla marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobusları isə cərimə meydançalarına aparılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin şöbə müdiri Namiq Əliyev Trend-ə açıqlamasında bildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edilib:
"Qaydalara görə, şəhərkənarı avtobuslar avtovağzaldan-avtovağzala işləməlidir. Həmin marşrut avtobusları isə avtovağzala daxil olmurlar. Ona görə də onlar şəhərə buraxılmır. Binəqədidən gələn marşrutlar Novxanı ərazisindən geri qaytarılır, Saray və Xırdalandan gələnlər isə Saray qəsəbəsindən. Həmin marşrutlar əgər avtovağzaldan avtovağzala işləməsələr, şəhərə girişi qadağan ediləcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !