Britaniya alimləri şizofreniya xəstələrində beyin işlədən bir oyunu test ediblər.
Bu barədə «The Guardian» yazır.
Kembric Universitetinin psixiatriya şöbəsinin araşdırmaçıları bu oyunu dörd həftə ərzində xəstələrdə sınayıblar. Oyunu bu müddətdə davamlı oynayan şizofreniya xəstələrinin yaddaş və öyrənmə qabiliyyətlərində dəyişiklik müşahidə olunub.
OYUN NECƏ OYNANILIR
«Peak» adlanan oyunda müxtəlif çətinlik səviyyələri var. Oyunda şizofrenlər müxtəlif otaqlara girib qutulardakı əşyaları tapmalıdırlar. Daha sonra bu əşyaları fərqli yerlərə yerləşdirməli və yeni yerləri xatırlamalıdırlar. Bununla bir növ xəstələrin ani, epizodik yaddaşları test edilir.
OYUNU OYNAYAN XƏSTƏLƏR DAHA AZ SƏHV EDİRLƏR
Kembric Universitetinin psixiatriya şöbəsindən həkim professor Barbara Sahakian oyunu oynayan şizofrenlərin sonrakı yaddaş və beyin testlərində daha az səhv etdiklərini söyləyib. «Oyun şizofrenləri gündəlik həyata hazırlayır. Bu yaddaş oyunu dərmanların kömək etmədiyi məqamlarda bilgiylə müalicəyə yardım edir, həm də heç bir əks təsiri yoxdur»- deyə Sahakian əlavə edib.
MOBİL TELEFONA DA YÜKLƏNƏ BİLƏCƏK
Həkim Sahakian oyunun dərman və psixoloji müalicəylə birlikdə effektli olduğuna diqqət çəkib.
Şizofrenlərin təhsillərinə və iş həyatlarına qayıtmalarını hədəfləyən oyunu smartfonlara da yükləmək olur.
(Azadliq.org)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !