Bu barədə AzərTAc-a müsahibəsində Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib.
N.Həsənov bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir. Plana əsasən nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə qurumun tərkibində olan təşkilatların konkret vəzifələri, görəcəyi işlər müəyyənləşdirilib. Buraya istər dəmir yolunun yenidən qurulması, istər avtomobil yollarının bərpası, istərsə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti vasitəsilə həyata keçirilən işlər aiddir: "Bilirsiniz ki, birinci Avropa Oyunlarının başlanmasına bir neçə ay qalıb. Bu oyunlarla bağlı tutulan Tədbirlər Planı çərçivəsində bizim ən böyük layihələrimiz artıq yerinə yetirilib. Bunların arasında Ziya Bünyadov prospektinin yenidən qurulması əsas yer tuturdu. Qeyd edim ki, birinci Avropa Oyunlarının əsas marşrut xətlərindən biri bu prospektdən keçir. Eyni zamanda, hazırda Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam etdirilir. Bundan başqa, sərnişindaşıma üzrə də müvafiq addımlar atılıb. Artıq paytaxta 50 ədəd yeni sərnişin avtobusu, o cümlədən 200 ədəd London taksisi gətirilib və bu proses davam etdiriləcək”.
Sərnişin avtobuslarında kart-ödəniş sisteminin tətbiqinin mart ayınadək reallaşacağını deyən N.Həsənov qeyd edib ki, birinci Avropa Oyunlarının əsas marşrut xətləri üzərindəki dayanacaqlarda wi-fi sisteminin quraşdırılması ilə bağlı texniki məsələlər də öz həllini tapmalıdır. Həmçinin yaxın aylarda yol cizgiləri xətlərinin, piyada keçidlərinin, yol göstərici xətlərin yenidən rənglənməsi, nişanların qoyulması kimi işlər həyata keçiriləcək.
Nazirliyin rəsmisi, həmçinin bildirib ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı turist axını da gözlənilir: "Onlar yalnız yarışları izləməyəcək, həm də Azərbaycanın səfalı guşələrinə yollanacaqlar. Bu baxımdan turizm potensialı olan istiqamətlərdə yeni avtobusların xətlərə buraxılması ilə bağlı işlər aparılır, onlayn bilet satışı proseduru təkmilləşdirilir.”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !