Bu şəxslər 2000 manatadək cərimələnəcəklər

14:00 | 12.04.2017
Bu şəxslər 2000 manatadək cərimələnəcəklər

Bu şəxslər 2000 manatadək cərimələnəcəklər

Üzərində "dərman vasitəsi deyildir" sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrini istehsal edən və satan fiziki şəxslər 500, hüquqi şəxslər isə 2000 manatadək cərimə ediləcəklər.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı bu gün Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

Komitə sədri Əhliman Əmiraslanov deyib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) "dərman vasitəsi deyildir" sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək cərimə ediləcək.

"Dərman vasitələri haqqında" qanuna təklif edilən əlavəyə görə, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı qadağandır.

"Reklam haqqında" qanuna təklif edilən əlavəyə görə isə bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM