“Bu təbii mənzərə qorunmalıdır” - Prezident

21:32 | 11.11.2019
“Bu təbii mənzərə qorunmalıdır” - Prezident

“Bu təbii mənzərə qorunmalıdır” - Prezident

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.


AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlət başçısına və birinci xanıma salınacaq yeni park barədə məlumat verərək deyib:



-Cənab Prezident, bura parkın ən hündür məntəqəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.


Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.


Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.


Birinci xanım Mehriban Əliyeva: Təbii park.


Prezident İlham Əliyev: Bəli, təbii.


Anar Ələkbərov: İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün burada bütün şərait yaradılacaq.


Prezident İlham Əliyev: İdman meydançaları da.
 

 

Anar Ələkbərov: Əsasən idman meydançalarına, idman qurğularına üstünlük veriləcək. Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün bütün imkanlar yaradılacaq.


Prezident İlham Əliyev: Çox yaxşı. Burada iaşə obyektləri də olmalıdır ki, vətəndaşlar gələndə onlardan istifadə edə bilsinlər.


Anar Ələkbərov: Elədir, cənab Prezident.


Prezident İlham Əliyev: Amma əlbəttə ki, bu təbii mənzərə qorunmalıdır. İndi burada yeni ağaclar əkilir.


Anar Ələkbərov: Bu gün 30 minə yaxın ağac əkiləcək. Sizin dəstəyinizə böyük ehtiyacımız var ki, biz bu parkı salaq və insanların istifadəsinə verək.


Prezident İlham Əliyev: Hesab edirəm ki, park qısa müddət ərzində tamamilə abadlaşdırılacaq və vətəndaşlar üçün burada gözəl imkanlar yaradılacaq.


Birinci xanım Mehriban Əliyeva: Suvarma sistemi necə olacaq?



 

Anar Ələkbərov: Artıq onu həll edirik. Bu gün ağacları əkirik deyə biz artıq Sizin göstərişinizlə suvarma sistemini də çəkdik. Amma təbii ki, burada əlavə işlər var. İşıqlandırma sistemlərinə yenidən baxılmalıdır. Xüsusi suvarma sistemləri qurulmalıdır. Onu təşkil edəcəyik.


Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?


Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacları olub, məhsul da yığılıb.


Prezident İlham Əliyev: İndi də əkmək lazımdır, əsasən zeytun və şam ağacları.


Anar Ələkbərov: Biz burada Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.


Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.


Aksiyada gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.


İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər.


Sonda xatirə şəkilləri çəkdirilib.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM