Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə zəmanəmizin böyük bəstəkarı, müasir Azərbaycan musiqi məktəbinin yaradıcılarından biri Qara Qarayevin anadan olmasının 95 illik yubileyi Budapeştdə qeyd olunmuşdur.Bu münasibətlə Macarıstan paytaxtının mərkəzindəki “Duna Palota” sarayında “Dunay” simfonik orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət “Memory” adlı konsert proqramı təşkil edilmişdir.Konsertin əvvəlində çıxış edən macar musiqişünası Tamaş Varhegi Azərbaycan və dünya musiqi sənətində Qara Qarayevin yerindən və rolundan, onun zamanı qabaqlayan simfonik musiqisinin xüsusiyyətlərindən, XX əsr musiqi sənətinə gətirdiyi yeniliklərdən bəhs etmişdir.Macar dirijoru Andraş Deakın rəhbərliyi altında “Dunay” simfonik orkestri bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar ifa etmişdir. İki hissədən ibarət konsertdə, həmçinin macar bəstəkarı İştvan Boqaşın və dahi alman bəstəkarı Lüdviq Van Bethovenin əsərləri səslənmişdir.Böyük uğurla keçən konsertdə Budapeşt musiqi ictimaiyyətinin nümayəndələri və diplomatik korpusun təmsilçiləri də iştirak etmişlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !