Bunlar gözəllik yox, xəstəlik gətirir - Xanımlar, diqqət!

21:02 | 17.12.2013
Bunlar gözəllik yox, xəstəlik gətirir - Xanımlar, diqqət!

Bunlar gözəllik yox, xəstəlik gətirir - Xanımlar, diqqət!

Bijuteriyalara, geyim aksesuarlarına etinasız qadın yoxdur. Hətta elə qadınlar var ki, bu bəzək əşyalarından hər gün istifadə edirlər. İndi satışda müxtəlif zövqlərə uyğun və hər cür qiymətə bijuteriya tapmaq mümkündür. Mağazada, metro keçidlərində və ticarət mərkəzlərindəki topdan satış məntəqələrində satışından asılı olaraq bu bəzək əşyalarının  qiymətləri də fəqlidir. Şəhərdəki mağazalarda baha satılan bijuteriyaları ticarət mərkəzlərində çox ucuz qiymətə almaq olar. Amma demə, ucuz bijuteriyalar heç də hər zaman gözəllik yaratmır. “Sədərək” ticarət mərkəzindəki topdan satış mağazalarının satıcıları ilə söhbət zamanı məlum oldu ki, paytaxtdakı əksər mağazalar malları buradan götürür. Xanımların mağazalardan 8-10 manata aldığı bijuteriyalar burada 1-2, metro keçidlərində 2-3 manata təklif edilənlər isə topdan 40 qəpiyə satılır. Satıcının dediyinə görə, əksər bijuteriyalar Azərbaycana Çin, Koreya və Dubaydan gətirilir. Türkiyədən gətirilən aksesuarlar isə daha keyfiyyətli olduğundan bir az bahadır. Satıcının sözlərinə görə, aşağı qiymətə satılan bijuteriyaların keyfiyyəti heç də hər zaman qaneedici olmur: “Biz az keyfiyyətli mal istəyən Türkiyə istehsalı olan bijuteriyaları seçir. Amma əksəriyyət ucuz mallardan alıb aparır. Ucuz mallar isə o qədər də keyfiyyətli olmur. Gah deyirlər qaşı töküldü, qırıldı, gah deyirlər materialı qaraldı, bəzən qaşınma yaratdığından da şikayət edirlər”.Yeri gəlmişkən, dermatoloqlar xəbərdarlıq edir ki, allergiyaların, dəri xəstəliklərinin əksəriyyəti bijuteriyalardan yaranır. Ancaq nədənsə qadınlar allergiyanın bu bəzəklərdən yaranacağını güman etmirlər. Halbuki diqqət etsələr görərlər ki, bu əşyalardan istifadədən sonra barmaqda, qulaqda, boyunda bijuteriyanın qaralmış izləri qalır. Bijuteriyalar tərlə birləşdikdə isə daha təhlükəli olur. Nikel tərkibli sırğalar, nikelə allergiyası olan qadınların qulağında yaralar əmələ gətirir. Odur ki, bijuteriya istifadəsindən sonra dəridə yaranan hər hansı bir narahatlığın qarşısı dərhal alınmalıdır. Əks təqdirdə bu narahatlıq yaralara çevrilə bilər. Hər hansı bijuteriya dəridə qaşınma, istilik hissi yaradırsa, ondan istifadə etmək lazım deyil. Həkimlər məsləhət görür ki, qaşınan hissə mütləq ilıq su və sabunla yuyulmalıdır. Qaşınma və dəridə narahatlıq artdıqda isə mütləq dermatoloqa müraciət etmək lazımdır.İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Ailəm az-a bildirildi ki, müvafiq dövlət orqanları tərəfindən satışda olan bijuteriyaların keyfiyyət və təhlükəsizliyinə nəzarət olunmasına baxmayaraq, bir qisminin tələblərə cavab verməməsi və təhlükə mənbəyi olması istisna deyil. Bu səbəbdən qurum əhaliyə müraciət edir ki, bijuteriya alarkən xüsusilə diqqətli olsunlar: “Keyfiyyətli və təhlükəsiz bijuteriya seçmək çox çətindir. Bir çox istehlakçılar bijuteriya alarkən onun daha ucuz olmasına, cəlbediciliyinə, parıltılı olmasına üstünlük verir. Lakin bijuteriya alarkən onun qeyd olunan əlamətlərindən daha çox keyfiyyəti və sağlamlığa təsirini düşünmək lazımdır. Ucuz bijuteriya istehsalında istifadə edilən xammalın tərkibində zərərli maddələr ola bilər və bu, sağlamlıq üçün təhlükəlidir. Belə bijuteriyalarda normadan çox fenol, toksit və radioaktiv maddələrin olması sağlamlığa ciddi zərbə vura bilər. Ona görə də bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə diqqət edilməlidir”.Xidmətdən o da bildirildi ki, bujuteriya zəmanət müddətilə satılan mallar siyahısına daxil deyil: “Ticarət şəbəkəsində bijuteriya məhsulları adətən müxtəlif formalı şüşə stellajların altında saxlanılmalı və istehlakçıların seçim etməsi üçün zəruri şərait yaradılmalıdır. Bijuteriya alınan zaman kiçik qutu və yaxud şəffaf bağlamaya qablaşdırılmalıdır. Hər bir istehlakçı bu məhsulları alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır. Əgər bu məhsulların satışı zamanı hər hansı qanun pozuntularına rast gəlsəniz, dərhal aidiyyəti üzrə Dövlət Xidmətinə müraciət edin”.Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Ailəm.az-a bildirib ki, bijuteriya və geyim aksesuarları məcburi yoxlanılması tələb edilən mallar siyahısına daxil deyil. Lakin istehlakçılar tərəfindən hər hansı bir müraciət olarsa, bu bazarda da yoxlama aparıla bilər: “Bijuteriyalarla bağlı hələ indiyədək komitəyə heç bir şikayət daxil olmayıb. Əgər olarsa, biz yoxlamalar aparmağa hazırıq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb