"Report"un məlumatına görə, bir çox investor ABŞ-da hələ 2008-ci ilin dekabrın 16-da 0,25%-ə endirilən uçot dərəcəsinin daha sakit tempdə artırılacağını düşünsə də, FES bunu artıq yaxın 3 iclasda həyata keçirməyi planlaşdırır. Qeyd edək ki, FES-in iclasları ildə 8 dəfə keçirilir. Növbəti iclas aprelin 28-29-da və iyunun 16-17-də keçiriləcək. İqtisadçılar əsasən iyun iclasında uçot dərəcəsinin artırılacağını ehtimal edirlər.
BVF-nin yeni hesabatına əsasən, uçot dərəcəsinin artırılmasına başlanılarsa, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə illik gəlirliyin hazırkı 1,9%-dən 2,9%-ə yüksələcəyi gözlənilir. Bu isə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında dalğalanmalar yaradacaq. Bununla yanaşı, faizlərin artırılması 2007-2014-cü illərdə həddindən çox korporativ istiqraz emissiya edən şirkət və təşkilatlara ağır zərbə vura bilər. Eyni zamanda, ABŞ-ın dövlət istiqrazlarına potensial və mövcud investorların (o cümlədən, xarici dövlətlərin mərkəzi banklarının) marağı artacaq. Nəticədə, maliyyə vəsaitləri digər investisiya vasitələrindən çıxarılaraq ABŞ-a yönəldiləcək. Xammal qiymətlərinin düşməsi və ABŞ-a maliyyə axınının sürətlənməsi dünya üzrə likvidliyi (xüsusilə dollar likvidliyini) azaldacaq, borclanma bahalaçacaq. Bu prosesin ən az 5-7 il davam etməsi gözlənilir. Bu müddət ərzində dünya deflyasiya riski ilə qarşılaşacaq. Bir çox ölkə deflyasiyanı milli valyutasını devalvasiya etməklə aradan qaldıracaq. Reallıqda isə dünya iqtisadiyyatı geriləyəcək.
"Report"un analitik qrupu hesab edir ki, FES uçot dərəcəsinin artırılması prosesini 5-7 ilə bitirəcək. Bu müddət ərzində avro/dollar məzənnəsi 0,85-1,20 USD/EUR, neftin qiymətinin 40-80 dollar/barel, qızılın qiyməti isə 800-1 200 dollar/unsiya aralığında dəyişəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !