Avtoxuliqanlarla bağlı təyin edilən yüksək cərimələr müsbət nəticə əldə etməyə imkan verir. Hər halda avtoxuliqanlıq əməlinə görə cinayət məsuliyyəti tətbiq edilsə, daha yaxşı olar. Modern.az xəbər verir ki, bu sözləri Bakı şəhər DYP-nin şöbə rəisi Vaqif Əsədov Milli Məclis tərəfindən “avtoş”lara qarşı cərimələrin məbləğinin yüksəldilməsindən sonrakı vəziyyəti şərh edərkən bildirib.Onun sözlərinə görə, cərimə məbləği sərtləşdikcə, törədilən xətaların sayı azalır.“Əvvəlki illərlə müqayisədə protokollar azalıb. Qanuna edilən əlavə və dəyişikliklər sərtləşdikcə, xüsusən cərimənin məbləğinin artması qəza hallarının minimuma düşməsinə, nizam-intizamın pozulma hallarının azalmasına müsbət təsir göstərir”- deyə V.Əsədov vurğulayıb. V.Əsədovun sözlərinə görə, gün ərzində 100 protokol yazılırsa, təxminən 30 faizi təhlükəsizlik kəmərlərindən istifadə etməməyə görədir:“Təhlükəsizlik kəmərlərindən istifadə edilməməsinə görə cərimə məbləği 15 manat nəzərdə tutulurdusa, hazırda bu 40 manatdır. Bundan sonra təhlükəsizlik kəmərlərindən istifadə etmək halları artdı. Cərimənin məbləği artdıqca nizam-intizam səviyyəsi yüksəlir”.DYP rəsmisi bildirib ki, ötən il Bakıda 200-dən artıq avtoxuliqan saxlanılıb və məsuliyyətə cəlb edilməsi üçün sənədləşdirilib, aidiyyatı üzrə məhkəmələrə göndərilib.Xatırladaq ki, avtoxuliqanlıq edənlərə sürücülük hüququndan məhrum edilməsi və yüksək məbləğdə cərimə ilə yanaşı 2 ay müddətinə həbs cəzasının verilməsi də nəzərdə tutulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !