Üç qardaşın saldığı kənd - "Rəsm dəftərimizdəki yer" - FOTO

12:20 | 18.04.2017
Üç qardaşın saldığı kənd -

Üç qardaşın saldığı kənd - "Rəsm dəftərimizdəki yer" - FOTO

Qafqazinfo İsmayıllının gözdən uzaq, dağlar arxasında gizlənən Kənəyə kəndində olub.

ANN.Az sözügedən sayta istinadən Kənəyədən hazırlanan reportajı təqdim edir:

Əvvəlcə kəndə getmək istəyənlər üçün qısa yol xəritəsi verim: Bakıdan İsmayıllıya gedən taksilərə əyləşib Lahıc yolunda düşürsüz. Oradan da kimdən soruşsaz, sizə Namazgah kəndini nişan göstərəcək. Bir az "avtostop" bacarığınız varsa, qısa müddətdə mənzil başında olacaqsız. Girdiman çayının sol sahilində yerləşən  kəndə kimi yol asfalt və mənzərəlidir. Ancaq dağa çıxmaqla elə də aranız yoxdursa, bilin ki, macəra elə oradan sonra başlayır. 

Namazgah balaca bir kənddir, hətta oraya vardığınızda şossenin sağ tərəfinə baxmağı unutsaz, bir qədər aşağıda yerləşən kənd nəzərinizdən belə qaça bilər. Təxminən 100 nəfərə yaxın əhalisi olan bu kənddə "Namazgah" mineral süfrə suyu  istehsal edilir ki, kənd sakinləri həmin suyun laboratoriya yoxlamaları zamanı ölkənin ən təmiz suyu çıxdığını deyir. Qədimdə Lahıca və digər kəndlərə gedən insanlar bu suda dəstəmaz alıb namaz qıldıqları üçün kəndin adı da elə Namazgah qalıb. Təriflərdən sonra biz də suyumuzu elə o bulaqdan doldurub Kənəyə kəndinə yol alırıq.

Düzü, kəndə bir saatlıq piyada yol olduğunu bilirdim. Ancaq bu yolun eninin 2 qarış, uzunluğunun 4 km, yoxuşunun isə bu qədər sərt olacağını gözləmirdim.  Unutmadan onu da qeyd edim ki, kəndə vahid yol olmadığı üçün turist kimi getmək fikriniz varsa, Namazgah kəndindən özünüzlə bələdçi  götürməyiniz məsləhətdir. Bələdçi xidmətinin qiyməti isə 20 manatdır. Biz çəkiliş üçün getdiyimizdən bələdçimiz elə kənddə yaşayan üç qardaşdan birinin oğlu Fərman bəy oldu. 25 ilinin məhz bu yollarda keçdiyini deyən Fərman artıq kənddə qala bilmədiyi üçün Namazgahda öz kiçik biznesini qurub. Dediyinə görə, ayda bir dəfə kəndə qalxar, ya yox... Orada çox qaldığı zaman isə darıxır:

"Biz hər gün bu yolla məktəbə gedib gəlirdik. Odur ki, qarışbaqarış əzbərləmişik. Əslində gələn, maraqlanan turist çox olur. Ancaq bu yola görə çoxu getmək istəmir".

Uzaqda görünən dağı göstərən həmsöhbətimiz əslində maşın yolunun salınmasının elə də çətin olmadığını dedi. Kəndə gedən yoldakı körpünü də 2 dəfə çay aparıb, sonradan sakinlər yenidən təmir edib:

"Aşağı kəndlərin sakinlərinin çoxu mal-qara otarmaq, odun gətirmək üçün bu yoldan istifadə edir. Ona görə də ildə bir-iki dəfə yola göz gəzdirib uçan hissələrini bərpa edirlər. Gördüyünüz kimi yol çox dardır, yükü olan buradan at, ya da eşşəklə gedib gələ bilər. Ancaq o da təhlükəlidir".

Yol qəribə formada üç hissəyə ayrılıb: əvvəli sıldırım qayalar, sonrası palçıqlı meşəlik, ən sonda da yamyaşıl biçənəklik. Qayalıq hissədən keçəndə bələdçimiz bir neçə yerdə tələsməli olduğumuzu dedi. Çünki sol yanı dərin dərə, sağ yanı isə qayalıqlar olan cığırda hər an sürüşmə ola bilər. Qismətimizdən hava bir neçə gün günəşli olduğundan palçıqlı hissə nisbətən qurumuşdu. Fərman bəy deyir ki, yağışlı havada çəkmə ilə də oradan keçmək mümkün olmur. Biçənəkliyə çatanda yaşadığım sevinc  hissi iki addım atdıqdan sonra tamamilə yoxa çıxdı. Sən demə, düz yoxuşu qalxmaq digərlərindən daha əziyyətli imiş. Düzü, yolun hər belə hissəsinə çatanda bundan sonra reportaj üçün kənd seçərkən bir neçə dəfə fikirləşməli olduğumuzu dilə gətirdik. Sözün əsl mənasında alın təri ilə pul qazanmaq dedikləri budur yəqin... Saat yarımlıq yol bizə necə təsir edibsə, bir az əhatəli izah etmək istədim. 

Xülasə, biçənəkliyi keçdikdən sonra daha çox ibtidai siniflərdə rəsm dəftərlərimizi bəzəyən dağlar arasında, fəslindən asılı olmayaraq damından tüstüsü əskik olmayan balaca evlər bizi qarşıladı.

Baxmayaraq ki, kənddə cəmi üç ev var, ancaq kənardan baxanda oradakı həyat getdiyimiz çox yerdən daha canlı görünürdü. At çapan kim, mal otaran kim, yemək bişirən kim. Bir sözlə, əsl kənd həyatı. Bizi qarşılayan kənd ağsaqqalı ilə salamlaşıb təndirxanaya boylanırıq. Eltilər birləşib səməni halvası bişirir. Daha çox Novruz bayramı ərəfəsində adını eşitməyə öyrəşdiyimiz bu təam kənddə mövsümündən asılı olmayaraq bişirilirmiş. Hətta rayona satmağa da göndərilir. Kilosu da 6-7 manat arasında dəyişir.

Kəndin yolu kimi, işığını da elə sakinlər çəkib. Hətta Firudin Mirzəyevin dediyinə görə, işıq çəkmək üçün bir yol boyu ağacları kəsdiyinə görə hər kəs 200-300 manat da cərimə ödəməli olub. Mənə maraqlı gələn bu dağ başında enerji sərfiyyatını necə ödədikləri idi ki, onun da maraqlı bir yolu tapılıbmış:

"Biz burdan sayğacdakı rəqəmləri deyirik, onlar da qəbzi yazırlar. Sonra da gedib ödəyirik. Bura adam gələr?"

Həm Namazgah, həm də Kənəyə kəndlərinin əhalisi milliyətinə görə tatdırlar. Odur ki, kəndin adı da elə tat dilində duman, çən olan yer mənasına gəlirmiş. Çalağanların qıy vurduğu bu yüksəklikdə tez-tez çən düşür. Qışı nə qədər sərt keçirsə, yayı da bir o qədər isti olurmuş. Havanın temperaturunun yüksək olmasına baxmayaraq hətta ətrafda qar da görmək mümkündür. Elə qarın altından boylanan novruzgüllərini də. 

Kəndi hazırda orada yaşayan qardaşların babaları salıb. 300 illik tarixi olan Kənəyədə üç ailə heyvandarlıqla məşğul olur, dirrik işləri görür, əkin-biçinlə güzəranını saxlayırlar. Əvvəllər tövləyə canavar hücumları olsa da, artıq yırtıcı heyvanlar da onları yaxşı tanıyır. Qısası, üç qardaşın saldığı bu kənd artıq nəsildən-nəslə bir yadigar rolunu oynayır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM