Xalq şairi Cabir Novruzun 80 illik yubilileyi qeyd olunub.
ANN.Az xəbər verir ki, şairə həsr olunmuş “Sağlığında qiymət verin insanlara...” ədəbi-bədii gecə Siyəzən şəhər Mədəniyyət evində keçirilib.
Tədbir Siyəzən Rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə rallaşıb.
Tədbir şairin öz səsi ilə “Sağlığında qiymət verin insanlara...” şeri ilə açılıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edib.
A.Qasımov bildirib ki, “Sağlığında qiymət verin insanlara...” deyən şairə həm sağlığında, həm də vəfatından sonra böyük qiymət verilib:
“Böyük şairimiz Cabir Novruzun ədəbi və ictimai fəaliyyəti həm xalqımız, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib. O, əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Bu gün rayonumuzda keçirilən tədbir də bütün ölkədə Cabir Novruz poeziyasına verilən qiymətin bariz nümunəsidir”.
Tədbirdə filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, nasir, publisist Xeyrəddin Qoca, filologiya elmləri doktoru Rasim Nəbioğlu, Cabir Novruzun həyat və yaradıcılığı, ictimai fəaliyyəti barədə maraqlı çıxışlar ediblər, xatirələrini danışıblar.
Şairin oxucularından jurnalist Reyhan Muradova, Siyəzən şəhər 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Sevil Mərdanova C.Novruz poeziyasının tükənməz xəzinə olduğunu bildiriblər.
Şairin nəvəsi Səfurə Novruzlu, Siyəzən şəhər 1 saylı tam orta məktəbin şagirdləri şairin şerlərini səsləndirib.
Xalq artisti Zaur Rzayev, əməkdar artist Elza Seyidcahan, müğənnilər Zəka Zeynalov, Aslan Hüseynov, Günay İbrahimli, Sevda Kazımova, Mətin Rzazadə, Vüsal Həsənovun ifasında “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri”, “Cavanlığım” və digər mahnılar ifa edilib.
Tədbirin sonunda şairin oğlu Müşfiq Cabiroğlu yubiley tədbirinin təşkilinə görə hər kəsə təşəkkürünü bildirib.
ANN.Az