Caspian European Club biznes-forum keçirib

14:06 | 19.11.2015
Caspian European Club biznes-forum keçirib

Caspian European Club biznes-forum keçirib

Caspian European Club Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə biznes-forum keçirib

Caspian European Club-un Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə bu gün (18 noyabr) keçirilmiş biznes-forumunda biznes nümayəndələri ilə standartlaşdırma, metrologiya və patent sahəsində inkişafın əsas istiqamətləri müzakirə olunub.

Tədbirdə çıxış edən Ramiz Həsənov Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı söhbət açıb.

Onun sözlərinə görə, Dövlət Komitəsi standartlaşdırma, metrologiya, sertifikasiya, akkreditasiya, sənaye və əqli mülkiyyət obyektləri üzərində hüquqların müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən dövlət qurumudur.

O həmçinin qeyd edib ki, Dövlət Komitəsinin yanında Standartlaşdırma və Sertifikasiya İnstitutu fəaliyyət göstərir. İnstitututun əsas fəaliyyəti standartlaşdırma və sertifikasiya sahəsində dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Paralel olaraq bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzərində də iş aparılır.

Dövlət Komitəsinin sədri bildirib ki, rəhbərlik etdiyi qurum bir sıra beynəlxalq institut və standartlaşdırma sahəsində nüfuzlu beynəlxalq təşkilatların, ələlxüsus da MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikasiya üzrə Dövlətlərarası Şurasının üzvüdür.

Jurnalistlərlə söhbət zamanı R.Həsənov qeyd edib ki, Azərbaycanda 900 minə yaxın milli standart, 20 min dövlətlərarası və xalqlararası standart qəbul olunub.

Ramiz Həsənovun sözlərinə görə, qurum öz işini yaradılmış texniki komitələr vasitəsilə qurur. Standartların hazırlanması üzrə daha səmərəli iş üçün Dövlət Komitəsi biznes və dövlət qurumlarının müvafiq xidmətini cəlb edir.

Metrologiya barəsində danışarkən o vurğulayıb ki, standartlaşdırma, metrologiya və patent üzrə qanunvericilik cari ildə təkmilləşdirilib. Bu sahədəki fəaliyyət eyni zamanda hökumətin müvafiq qərarları ilə nizamlanır. Ramiz Həsənovun sözlərinə görə, mövcud sahədə Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunur, Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti KOOMET-in (Avro-Asiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı) üzvüdür.

Onun sözlərinə görə, MAQATE ilə birgə fəaliyyət çərçivəsində Azərbaycanda dozimetriya və spektrometriya sahəsində ən müasir laboratoriya inşa olunub.

Aİ ilə layihələr çərçivəsində Azərbaycanda etalon laboratoriya yaradılıb. "Bizdə 7 belə laboratoriya fəaliyyət göstərir. Müvafiq vəsait dövlət tərəfindən ayrılır. Gələcəkdə sayı 25-ə çatacaq laboratoriyalar kompleks şəklinə düşəcək”, - deyə o qeyd edib.

Sertifikasiya sahəsindən bəhs edərkən Komitə rəhbəri onun dövlətdən ayrı olduğunu bildirib. Dövlət Komitəsi uyğunluq sertifikatı verməklə məşğul olan orqanları akkreditə edir.

R.Həsənov həmçinin vurğulayıb ki, Dövlət Komitəsi 2012-ci ildən akkreditasiya üzrə beynəlxalq təşkilatın - İLAC-ın üzvüdür və akkreditə olunmuş laboratoriyaların nəticələrinin bütün dünyada qəbul olunmasından ötrü hal-hazırda Beynəlxalq EA (European co-operation for Accreditation) təşkilatına üzv olmaq üçün hazırlıq prosesi gedir.

"Hazırda laboratoriyamız Almaniyada akkreditə olunub ki, bunun da nəticəsində sertifikatlarımız orada tanınır”, - deyə o vurğulayıb.

R.Həsənovun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən patent sahəsi üzrə də fəal iş aparılır. Bu istiqamətdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO/VOİS) müvafiq qurumları ilə iş gedir. "VOİS-lə birgə elektron sistem yaratmışıq. İndi biz sənədləri elektron formada qəbul edə və müvafiq ekspertiza keçirə bilirik”, - deyə o qeyd edib. Onun sözlərinə görə, gələcəkdə VOİS Akademiyası ilə birgə Azərbaycanda təlim mərkəzinin yaradılması planlaşdırılır.

Biznes-forumda Caspian European Clubla SABAH qrupları arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədi Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev və SABAH qruplarının İcraiyyə Komitəsinin rəhbəri Elçin Ağakişiyev imzalayıb.

Sonda biznes-forum iştirakçılarının sözügedən mövzu ilə bağlı təklifləri, həmçinin Caspian European Club şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.

Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərdiyi diqqətə görə Ramiz Həsənova təşəkkür edib. Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, sözügedən sahə üzrə əməkdaşlıq yollarını müzakirə ediblər.

O qeyd edib ki, noyabrın 2-dən etibarən Caspian European Club-un saytında (http://www.caspianenergy.org) Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən yerli və xarici şirkət nümayəndələri arasında sorğu keçirilməyə başlanılıb. "Sorğunu keçirməkdə məqsəd dövlət qurumları ilə qarşılıqlı əlaqələrin yaradılması zamanı sahibkarların üzləşdikləri problemləri araşdırmaqdan ibarətdir”, - deyə o söyləyib. Onun sözlərinə görə, "sorğunun nəticələri Caspian European Club-un yüksək rəhbərliyinə təqdim olunacaq”.

Bu cür sorğular həm yerli, həm də xarici şirkət rəhbərləri arasında Azərbaycanda ildə iki dəfə, Qazaxıstan, Gürcüstan və Türkiyədə ildə bir dəfə təşkil olunur.

"Fürsətdən istifadə edib bütün sahibkarları bu əlverişli imkandan yararlanmağa və bizneslə dövlət qurumları arasında qarşılıqlı əlaqələr zamanı

meydana çıxan bütün mümkün problem və qanunsuz tələblər haqda danışmağa səsləyirəm”, - deyə T.Əliyev qeyd edib.

Telman Əliyev bildirib ki, Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda təsis edilib. Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sahəsinə yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Biznes-forum zamanı Ramiz Həsənova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri, səfirlər və bir sıra diplomatik təsisatların nümayəndələri iştirak ediblər.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM