Cavadzadənin 97 illiyi ilə bağlı konfrans keçirilib

13:11 | 18.05.2024
Cavadzadənin 97 illiyi ilə bağlı konfrans keçirilib

Cavadzadənin 97 illiyi ilə bağlı konfrans keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-nin, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının, Azərbaycan Uroloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Akademik Mirməmməd Cavadzadənin 97-ci illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

İlk olaraq konfrans iştirakçıları Akademik Mirməmməd Cavadzadənin məzarını ziyarət edib və məzarı üzərinə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbiri giriş sözü ilə açan Klinikanın direktoru Fariz Babayev Akademik Mirməmməd Cavadzadənin yetirməsi olan və onunla çiyin-çiyinə çalışan olaraq onun haqqında,son illər ərzində klinikada baş verən yeniliklər barədə bəhs edib və iştirakçılara uğurlar arzu edib. 

Daha sonra ADHTİ-nin Urologiya kafedrasının müdiri, Klinikamızda həkim-uroloq kimi çalışan Samir Cavadzadə çıxışında Akademik Mirməmməd Cavadzadənin həyat və tibb sahəsində göstərdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Tibb elmlər doktoru, professor Sudeif İmamverdiyev, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri Fuad Sərdarlı dahi şəxsiyyət barədə, 1966-cü ildən bu günə qədər fəaliyyət göstərən Klinika barədə öz fikirlərini bölüşüblər.

TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərli bu günün qeyd olunmasının Azərbaycan səhiyyəsi üçün önəmli olduğunu bildirib və bu sahədə çalışan həkimlərə uğurlar arzu edib.

Konfransda Distal və proksimal hipospadiya cərrahiyəsi, Sidik kisəsinin xərçəngönü xəstəlikləri, Testikulyar feminizasiya zamanı müalicə taktikası, Enməmiş xaya müalicəsində hormon yoxsa əməliyyat?, HoLEP: XXI əsrdə prostatın xoşxassəli hiperplaziyasının cərrahi müalicəsi üçün qızıl standartmı?, Böyrək daşların müalicəsində qızıl standart: ECIRS (Endoskopik Kombinə edilmiş Böyrəkdaxili Cərrahiyyə), Anomaliya zamanı nefrolitiazın endoskopik müalicəsi, Böyrək ləyəni daşı zamanı perkutan nefrolitotomiya vs laparoskopik pielolitotomiya: ilkin nəticələrimiz, Böyrək daşlarin müalicəsində miniperkutan və retroqrad intrarenal nefrolitotripsiya üsulların müqayisəsi, Kişi sonsuzluğun müalicəsinin bugünü və sabahı, Prostat xərçənginin diagnostikasına müasir yanaşma mövzuları müzakirə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM