Cavid Osmanov: “Öz-özümlə müsahibə etmişəm”

09:29 | 21.06.2021
Cavid Osmanov: “Öz-özümlə müsahibə etmişəm”

Cavid Osmanov: “Öz-özümlə müsahibə etmişəm”

Tanınmış radio və televiziya aparıcısı, 2 kitab müəllifi Cavid Osmanovun özünəməxsus yazı üslubu, hadisələrin çılpaqlığı ilə əks etdirməsi ona fərqli amplua qazandırıb. 

- Sizin 18+ mövzusunda olan " Mediamən” kitabını oxudum. Əsərdə kifayət qədər söyüş və vulqar ifadədən istifadə olunub. Belə bir mövzuda kitab yazmağa sizi nə vadar etdi? Azərbaycan şəraitində kifayət qədər cəsarət tələb edən bir addımdır. 

- İlk əsərim "Mücahidin yolu” kitabına olan reaksiya səbəbindən bu mövzuya müraciət etməli oldum. Kitab Suriyada gedən müharibəyə həsr olunub, ağır əsərdir. Bir neçə səhifəsində çox açıq-saçıq səhnə ifadə edilib. Məqsəd də müharibədə ən ülvi hisslərin belə heyvani instinktə çevrilməsini əks etdirmək idi. Müharibə ən möhtəşəm insani hissləri öldürə bilər. İnandırım sizi, mən həmin yeri bir cümlə ilə, yəni "sekslə məşğul olublar” ilə əvəzləsəydim, heç nə dəyişməyəcəkdi. O hissədə sadəcə müharibənin necə insani hissləri öldürdüyünü göstərmək istədim. 

Kitab bir xeyli müddətdir çap olunub, hələ də mənə yaxınlaşıb, "orda belə bir yer var idi, doğrudan da elə olub” deyənlər var. Ay qardaş, kitabda 200-dən çox səhifə var, "nujenni” sənin yadında ancaq o hissə qalıb? Belə bir situasiyalarla qarşılaşdıqca, bazarı araşdırmağa başladım. Hamının məhz buna marağı olduğu aşkarlandı, amma kimi dindirsən, deyir pornoya yalnız rəfiqəmin telefonunda baxmışam. Təbii ki, bu mənə çox pis təsir etdi. Bu kitabı yazanda çox əziyyət çəkmişdim. O boyda işin qarşılığında oxucunun tək o hissə ilə maraqlanmasından sonra anladım ki, Azərbaycanda böyük bir seksual aclıq var. Bu gün Azərbaycanda xanımlar kişi anatomiyasını, kişilər də xanım anatomiyasını bilmir. Bütün bunları nəzərə alaraq məhz elə ikinci kitabım "Mediamən”i bütünlüklə bu mövzuya həsr etdim. Onun uğursuz olmaq kimi şansının olmadığını anladım. Yalnız bir amili nəzərə almamışdım: insanların kitabı almaqdan utanacağını. Eyni ilə aptekdən prezervativ almaqdan çəkindikləri kimi. 

- Bu əsərinizə görə ciddi qınaq obyektinə çevrilmisinizmi? Kitabı oxuyub sizi qınayan nə qədər oxucunun olduğunu təxmin edirsinizmi?

- Düzü, mənim reputasiyam elə də yaxşı deyil. Bir çoxu məni "dəliqanlı kimi birisidir”, yəni, "ondan hər şey gözləmək olar” kimi qəbul edir. Bu kitabın təqdimatına belə hamam xalatında getmişdim. Bunu etməkdə məqsədim özümü "Playboy” jurnalının yaradıcısı Hyu Hefnerə bənzətmək idi. Qızlar kiməsə bənzəməyə çalışır, oğlanlar Polat Ələmdara bənzədirlər özlərini. Uzun sözün qısası, biz o insanlara sadəcə parodiyayıq. Mən orada özümü Hyu Hefnerə bənzətməyə çalışdım və tədbirə yığışanlara bunu izah etdim. Maarifsizlik, ədəbsizlik çox biabırçı formadadır. Təsəvvür edin, aktyor bir obraz yaradır və ömrünün axırına kimi o rolun damğası vurulur. 

"Cavid Osmanov öz kitab təqdimatına hamam xalatında gəldi” kimi xəbərlər o zaman çox gedib. Amma "niyə, səbəbi nə idi” soruşan olmayıb. Ona görə də mən o kitabın oxunmamışdan əvvəl tənqidini eşitmişdim. Amma narahat deyildim, əminəm ki, bir çox insan o sözləri üzümə deyə bilməyəcək, çünki mən üzünə deyə bilmədiyim sözü kiminsə arxasınca danışmıram. Ona görə də onların fikri mənə vacib deyil. Kitabı oxumayıb məni qınayanları qeyri-ciddi qəbul edirəm.

- Anar obrazını Azərbaycanda lüks həyat tərzi sürən məmur övladlarına aid etmək olar?

- Bəli, kitabda da qeyd olunub. Bu adam bir imkanlı məmurun oğludur. Açıq-aydın və gizlədilməyən bir məqamdır. 

- Mirzə obrazı Cavid Osmanovun prototipidir, yoxsa təxəyyülünüzün məhsulu?

- "Mediamən” avtobioqrafik kitab deyil. Yəni, özümdən yazmamışam. Amma Mirzənin kafedə danışdırdığı bir adam var, həmin obrazda mən bilavasitə öz-özümlə müsahibə etmişəm, özümü canlandırmışam. Düzdür, Mirzənin başına gələn bəzi hadisələr mənim də başıma gəlib, amma Mirzə mən deyiləm. Oradakı hadisələr hamısı real hadisələrdi. Kitabda yazılanlar nə vaxtsa olub, ya mənim tanışlarımla, ya tanışlarımın tanışları ilə və sair.

- "Mediamən” jurnalistikaya həsr olunub, yoxsa intim münasibətlərə?

- "Mediamən” bilavasitə jurnalistikaya və heç bir zaman toxunulmayan soyuq müharibəyə, yəni azərbaycandilli və rusdillilər arasındakı müharibəyə həsr olunub. Mən orta məktəbdə oxuduğum 1993-94 illərdə bu prosesi özümdə müşahidə etmişəm. Bakıya regionlardan güclü axın vardı. Onlar o dövrdə bizim üzümüzə rus sektorunun qızlarının fahişə, oğlanlarının isə "petux” olduğunu deyirdilər. İndi də o düşüncə var, amma dəqiq bilirik ki, heç də elə deyil. Rusdilli cəmiyyətdə siqaret çəkən qadın, sadəcə siqaret çəkən qadındır. Fahişə deyil. Siqaret çəkmək pisdir, amma normaldır. 

"Mediamən” seksual azğınlığın və aclığın haqqındadır. TV və radio bizdən soruşmadan evimizə ayaq açır. Kitabı isə mütləq özün seçməli, pul ödəyib almalı, sonra isə zövqlə oxumalısan. Kitab oxumağı hər kəsə məsləhət bilirəm.   
 
Nəcməddin Qulizadə



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM