Azərbaycanı kartof böhranı gözləyir - Fermerdən şikayət

16:26 | 21.02.2024
Azərbaycanı kartof böhranı gözləyir - Fermerdən şikayət

Azərbaycanı kartof böhranı gözləyir - Fermerdən şikayət

Azərbaycanda kartof əkini sahələri ilbəil azalır. Bunu anews.az-a açıqlmasında fermer Kənan Salmanlı deyib.
 
Fermerlər yetişdirdikləri məhsulu xaricə ixrac edə bilmədikləri üçün ziyana düşür.  
 
"Keçən il 10-15 hektar kartof əkmişdik, bu il  əkin sahəsini 4-5 hektara endirmişik. Keçən il fermerlər çox ziyana düşüb. Məhsulu xarici bazara çıxara bilmədiyimizə görə, kartofun qiyməti ucuzlaşdı, nəticədə bizə təxminən 30-40 min manat ziyan dəyib. Hazırda bütün fermerlərin vəziyyəti eynidir. Bunun ən böyük səbəbi məhsul satışının düzgün təşkil edilməməsi, işbazların, dəllaların bazarı öldürməsidir. Fermerlər yiyəsiz kimi ortada qalıb", - fermer deyib. 
 
O bildirib ki, əkdikləri kartofu ətraf rayonlarda da sata bilmirlər.
 
"Məhsulumuzu ancaq rayonumuzda satırıq. Logistikamız olmadığı üçün məhsulu harasa apara bilmirik. Yayda hava isti olduğundan biz refrejeratorlarla  məhsulu  Rusiya bazarına ixrac edirik. Hər il rayonumuzdan 10-100 min ton kartof göndərilir. Bu Azərbaycanın bir aylıq tələbatından 10 dəfə çoxdur. Bu dəqiqə hamı eyni vəziyyətdədir", - fermer əlavə edib.
 
Aqrar siyasət komutəsinin üzvü, deputat Cavanşir Paşazadənin sözlərinə görə, əkilən kartofun miqdarının azalması  Rusiya bazarında bu məhsula tələbatın azalması və Cəlilabadda çiyələk sahələrinin artmasıdır.  
 
"Azərbaycanda kartof Gədəbəy rayonu və ölkənin cənub bölgələrində becərdilir. Kartof həm paybəndi, həm də fermerlərə məxsus şəxsi torpaqlarda əkilir. Bu il kartof əkininin azalması sərhədlərin bağlı olması, kartofun əsasən böyük bazarlara, əsasən də  Rusiyaya ixracının azalması və Azərbaycanda çiyələk əkilməsinə marağın artması ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəstəyin daha da artması vacib məsələlərdən biridir. 
Bu məsələyə aidiyyatı qurumlar diqqət yetirməlidir. Çünki bu iş yerlərinin bağlanmasına, həm də bizim yerli məhsulların bazarda bahlaşmasına gətirib çıxarar.  Məncə, fermerlərə dəstək lazımdır. Onlara iqtisadi dəstək yaratmaq lazımdır ki, məhsulu həm daxildə, həm də xaricdə sata bilsinlər. Keçən il də, ondan bir il öncə də xəstəlik dövrü ilə əlaqədar azalma və çətinliklər oldu", - deputat qeyd edib.
 
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, kartof əkin sahələrinin azalması davam edəcək.
 
"Keçən il kartof  əkilən  sahələr  10%-ə qədər azaldığı üçün kartof istehsalı da aşağı düşüb.  Təklif azalanda bazarda qiymət qalxır. Bu bazarın qanunudur. Kartof istehsalı bir o qədər gəlirli olmadığı üçün oliqarx məmurlar bu sahə ilə məşğul olmurlar. Yəni burada inhisar yoxdur. Hələ əkinə mart-apreldə başlanılacaq. Təəssüf ki, bu il də əkinin az olması gözlənilir. Bu onunla bağlıdır ki, bizim fermerlər, kəndlilər aqrotexniki qaydalara vaxtı vaxtında əməl edə bilmirlər. Onların bir sıra çətinlikləri var. Bu çətinliklərdən birincisi su problemidir. Əvvəllər dağ rayonlarında yağıntı normal olduğundan suya bir o qədər ehtiyac olmurdu. İndi qlobal istiləşmə gedir. Bu Azərbaycanda da özünü göstərməkdədir. Əgər əvvəllər həmin ərazilərdə suvarmaya ehtiyac yox idisə indi sahələr bir neçə dəfə suvarılır. Su təminatı isə təşkil edilmir. Kənd Təsərrüfatı Nazirliyi deyir ki, onlar sudan istifadəni növbəli şəkildə həyata keçirməyi təşkil ediblər. Yəni bitki canlı olduğu üçün onun suya daimi ehtiyacı yaranır. Damcı suvarma sistemini qurmaq lazımdır ki, fermerlər, kəndlilər su axtarışında olmasınlar, bir düyməni basmaqla təsərrüfatlarının suya olan ehtiyacını ödəyə bilsinlər. İkinci problem isə ölkədə toxumluq kartofun istehsal olunmaması ilə bağlıdır. Xaricdən, xüsusilə Rusiyadan gətirilən kartof yumruları toxumluq üçün yox ərzaq məqsədilə istifadə olunur. Digər problem gətirilən gübrələrin, pestisidlərin keyfiyyətinin aşağı olması ilə bağlıdır. Bizim fermerlər  pul xərcləyirlər,  amma həmin pestisidlərin, gübrələrin təsiri az olduğu üçün məhsuldarlıq aşağı olur",- o qeyd edib. 
 
Ekspertin sözlərinə görə, hökümət fermerlərə ucuz kredit  təklif etməlidir. 
 
"Bizim fermerlər hamısı məhsulunu eyni vaxta bazara çıxaranda bazarda qiymət kəskin şəkildə aşağı düşür və bu onlara sərf etmir. Hökümət ucuz kredit  təklif etməlidir ki, fermerlər birləşib özləri üçün saxlama ambarı tiksinlər. İstehsal etdikləri məhsulun bir hissəsini bazara çıxartdıqda digər hissəsini də ambarda saxlaya bildinlər. Bizim apardığımız müşahidələr onu deməyə əsas verir ki, kartofun 25% sahədə, 20%-i primitiv şəkildə saxlanan ambarlarda xarab olur. İl ərzində hər adambaşına 117 kiloqram kartof istehlak edilməlidir. Bu normativi Ümumidünya Səhiyyə Təşkilatı müəyyən edib. Azərbaycan istehlak üçün 1 milyon 300  min ton kartof, 300 min tona yaxın isə toxum istehsal etməlidir.Amma bunun yalnız 1 milyon tonu istehsal olunur", - ekspert əlavə edib.  
 
GlobalProductPrices.com 2024-cü ilin yanvarında Azərbaycan kartofun qiymətinə görə, bahalaşan sıra ilə 80 ölkə arasında 75-ci yerdə  qərarlaşıb. Bu sıralamaya görə, Azərbaycanda 1 kiloqram kartofun qiyməti 0,50 dollardır. Həmin statistikada kartofunun qiyməti 5,06 dollar olan Honq Konq 1-ci,  Yaponiya  (4,36 dollar) 2-ci, Filippin (4,08 dollar) 3-cü,  Qana  (3,28 dollar) 4-cü,  Norveç isə  (3,01 dollar) 5-ci yerdədir.  Kartofun ən ucuz satıldığı ölkə isə onun bir kiloqramının 41  sent olduğu Ukraynadır. 
 
2022-ci ildə Azərbaycan $35 milyon 121,66 min dəyərində (azalma 13,9%) 78,301 min ton kartof (azalma 15,2%) ixrac edib.

2021-ci ildə Azərbaycana $41,788 milyon dəyərində (azalma 6,6%) 159,725 min ton kartof (azalma 12,7%) idxal edilib.

Azərbaycana kartofun əsas tədarükçüları İran ($10 milyon 369,13 min dəyərində 41,647 min ton), Rusiya ($11 milyon 388,68 min dəyərində 45,274 min ton) və Türkiyədir ($7 milyon 779,54 min dəyərində 31 min ton).
 
Aygün Mirakif
 

www.anews.az


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM