Cəmi 5 ay əvvəl hamı bu layihəni tənqid edirdi

11:15 | 20.10.2020
Cəmi 5 ay əvvəl hamı bu layihəni tənqid edirdi

Cəmi 5 ay əvvəl hamı bu layihəni tənqid edirdi

oktyabrın 18-i şanlı Azərbaycan Ordusu əfsanəvi Xudafərin körpüsündə bayrağımızı dalğalandırıb.

"Qafqazinfo”nun məlumatına görə, Xudafərin Azərbaycanı və İranı birləşdirən, Cəbrayıl rayonunda yerləşən, Araz çayı üzərində salınmış iki körpüdən ibarətdir. Bu körpüdə bayrağımızın dalğalandırılması hərbi baxımdan strateji uğurdur. Eyni zamanda tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərinə sahib çıxması baxımından olduqca vacib amildir. Çünki unikal memarlıq abidəsi olan bu körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Uzun onilliklər boyu Azərbaycanı dünyanın ölkələri, qitələri ilə birləşdirən karvan yolları Araz çayı yatağında - Xudafərin dərəsində bir-birinə qovuşub. Ancaq bu dərə əlçatmaz, ayaqdəyməz yer idi. Ötən gündən etibarən 30 illik həsrətə son qoyuldu. Artıq əfsanəvi körpünü görməyimiz bir reallığa çevrildi. Xudafərin körpüsünün azad edilməsi İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, bölgənin sosial-iqtisadi inişafına mühüm təkan verəcək.

Qeyd edək ki, 4 il əvvəl – 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açıb. O zaman bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu, az qala, "İran-Ermənistan əməkdaşlığı”na şərait yaratması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Layihənin birtərəfli olması, hətta milli maraqlara zidd olması barədə ittihamlar səsləndirilirdi. Bu fikirlər Azərbaycanın regional siyasətinə kölgə salan qərəzli yanaşma idi. Araz sərhəd çayıdır, onun üzərində və ətraf ərazilərində layihələrin həyata keçirilməsi iki qonşu dövlətin münasibətlərini inkişaf etdirmək niyyətindən irəli gəlirdi.

Sazişin 1-ci maddəsində deyilir ki, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.

Hər iki tərəfin maraqları sazişdə suveren bərabərlik əsasında qorunur və Saziş beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib olunmuşdu. Müqavilənin tənzimlədiyi bütün məsələlərdə Azərbaycan və İranın bərabərhüquqlu fəaliyyət göstərməsi bütün müddəalarda öz əksini tapmışdı. Belə ki, 2016-cı ilin fevral ayında imzalanmış sazişin preambulasında göstərilir ki, tərəflər BMT TŞ-nın məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.

Bu körpülərin işğal edilmiş ərazilərə gediş-gəliş üçün tikilməsi iddiası özünü doğrultmurdu. Çünki bu iki hidroqovşaqların tikilməsi üçün 50 ildən artıqdır ki, danışıqlar aparılırdı. Bu layihələrin icrası üçün 1970-80-ci illər ərzində SSRİ ilə İran İslam Respublikası mütəxəssisləri arasında "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. Bununla bağlı 6 dekabr 1988-ci ildə Saziş imzalanıb, 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyətlər davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin İrana 2016-cı ilin fevralında baş tutan səfəri və nəticələri çox geniş şəkildə "Azərtac” və digər KİV-də işıqlandırılmışdı. O zaman İqtisadiyyat naziri bu mövzu ilə bağlı "Azərtac"a geniş müsahibə də vermişdi və bütün suallara aydınlıq gətirilmişdi.

Bu gün bir daha aydın olur ki, bu sazişi tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi çəkisini düzgün qiymətləndirməyi, analiz etməyi bacarmayıblar, işğal altındakı ərazilərin, o cümlədən Xudafərinin azad olunacağı reallığını nəzərə almayıblar.

Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti 18 may 1992-ci ildə "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikilməsi məsələləri haqqında qərar qəbul edib. Həmin il mayın 25-də imzalanmış ilkin obyektlərin müəyyənləşdirilməsi və tikintisi barədə Sazişdə "Araz çayı üzərində 2 avtomobil körpüsünün tikintisi, tikinti zonasında müvəqqəti avtomobil yollarının salınması, tikinti zonasında asfalt-beton örtüklü daimi yolların salınması” əks olunub. 1993-cü ilin fevral ayında Azərbaycan və İran rəsmiləri mərasimdə iştirakı ilə tikintisi başa çatdırılan "Xudafərin” bəndinin yardımçı körpüsünün açılış mərasimi keçirilib, Azərbaycan və İran rəsmiləri mərasimdə iştirak ediblər. Paralel olaraq, Azərbaycan Hökuməti "Qız Qalası” layihəsi üçün də yardımçı körpünün tikintisinə başlamış, torpaqlarımızın Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini tamamilə dayandırıb və bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb. Nazirlər Kabinetinin məlum Qərarında "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikintisi ilə bağlı tərəflərin hüquq və öhdəliklərini əks etdirən, o cümlədən bəndlərin tikintisi, birgə istismarı və idarəçiliyi məsələlərini özündə ehtiva edən çərçivə sazişinin bağlanmasının nəzərdə tutulmasına baxmayaraq, elə həmin Qərarla tikintinin başlanmasına start və səlahiyyətlər verilib. Bundan sonra bəndlər ətrafında gedən proseslər bu cür çərçivə sazişinin mövcud olmadığı şəraitdə baş verib.

Ötən gün Xudafərin körpüsünün işğaldan azad olunması Prezident İlham Əliyevin uzaqgörən siyasətçi olduğunu bir daha dünyaya göstərmiş oldu. Bununla da 4 il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosiali-qtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirilib. Bu layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycanın işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qısa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti