Tarix elmləri doktoru, London Universitetinin Tarix Araşdırmaları İnstitutunun baş elmi işçisi Cəmil Həsənlinin "Qızıl alma uğrunda Çin‑Sovet savaşı: Şərqi Türküstan. 1930‑1950" adlı kitabı işıq üzü görüb. Kitabı Azərbaycanda "Altun Kitab" MMC çap edib.
Cəmil Həsənli Turan-a bildirib ki, kitab XX əsrin 30-50-ci illərində Şərqi Türküstan tarixinin mübarizə ilə zəngin maraqlı bir dövrünü əhatə edir.
"Kitabda Şərqi Türküstana münasibətdə Sovet İttifaqı ilə millətçi və kommunist Çin arasındakı amansız qarşıdurmanın gizlinləri əks olunub. Bu kitab mənim SSRİ-nin cənub sərhədləri boyunca Türk boğazlarından tutmuş Tanrı (Tyanşan) dağlarına qədər böyük bir coğrafiyanı əhatə edən Sovet siyasəti mövzusunda yazdığım tarixi silsilənin yekunudur. Bu silsilə Türkiyə-İran-Qərbi Çindən (Şərqi Türkistan) keçir. "Qızıl alma uğrunda Çin‑Sovet savaşı" mənim bu mövzuda əvvəllər nəşr olunmuş (Moskvada (Flinta və Nauka və Harvardda) kitablarımın sadəcə təkrarı, tərcüməsi deyil. Son illər London Universitetində çalışmağım imkan verdi ki, Şərqi Türküstanda Çan Kayşinin millətçi siyasəti ilə Stalinin müstəmləkəçi siyasəti məngənəsində əzilən uyğur xalqının (qazaxlar, özbəklər, qırğızlar, tatarlar və digər müsəlman xalqlarla birlikdə) azadlıq və müstəqillik mübarizəsinə aid Britaniya Milli Arxivinin son dərəcə nadir sənədlərini araşdırım. Araşdırdım və onları bu nəşrə əlavə etdim", - tarixçi qeyd edib.
"Həmin sənədlər ilə də bu araşdırmada tanış ola bilərsiniz. Sovet və Amerika sənədlərinə əlavə olaraq, tədqiqata cəlb edilən iki maraqlı ölkənin arxiv fondları yeni tarixi mənzərə ortaya qoyur. Nəticədə "Qızıl alma uğrunda Çin‑Sovet savaşı" yeni məzmun kəsb etdi.
Onun sözlərinə görə, kitab Şərqi Türküstanın milli mücadiləsində mühüm rol oynamış üç əfəndinin, - Məsud Səbri Baykoz, Mühəmməd Emin Buğra və İsa Yusuf Alptəkinin xatirəsinə ittihaf olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !