Cəmil Çiçək türk dünyası üçün ortaq dil və əlifbanı vacib sayır

18:48 | 11.06.2014
Cəmil Çiçək türk dünyası üçün ortaq dil və əlifbanı vacib sayır

Cəmil Çiçək türk dünyası üçün ortaq dil və əlifbanı vacib sayır

“Ümid edirik ki, Özbəkistan və Türkmənistan tamhüquqlu üzv və ya müşahidəçi qismində TürkPA-ya qatılacaqlar”
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) iyunun 12-13-də Bakıda keçiriləcək 5-ci plenar sessiyasında iştirak edəcək. C. Çiçək Azərbaycana səfəri ərəfəsində APA-ya müsahibə verib.
 
- Türk dövlətləri arasında qanunvericilik sahəsində münasibətlərin inkişaf etdirilməsində TürPA-nın böyük rolu olsa da, Özbəkistan və Türkmənistanın bu qurumda aktiv şəkildə iştirak etmədiyini görürük. Bakıya səfəriniz TürkPA-nın növbəti toplantısı ilə bağlı olduğu üçün söhbətə bu məsələdən başlamağı məqsədəuyğun hesab edirik. Özbəkistan və Türkmənistanın TürkPA-da fəal iştirakı üçün nə etmək lazımdır?
 
- Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə edən türk cümhuriyyətləri o vaxtdan bəri həm öz ölkələrində, həm də ölkədən xaricdə böyük uğurlar qazanıblar. Qardaş ölkələrin müstəqilliyini hamıdan qabaq tanıyan Türkiyə bu uğurlardan böyük məmnuniyyət duymaqdadır. Təbii ki, onların uğurlarını sadəcə öz daxili məsələləri kimi qiymətləndirmək yanlış olardı. Belə ki, bu dövlətlər həm beynəlxalq platformalarda, həm də bəzi yeni qurulan təşkilatlarda önəmli işlərin altına imza atdılar. Bunlardan biri də türk dövlətlərinin bir araya gələrək həmrəyliyi, məsləhətləşmələri artırmaq məqsədilə həyata keçirdikləri birgə işlərdir. Müəyyən fasilələrlə türk dövlətlərinin başçıları bir araya gəlirlər. Bundan əlavə, parlamentlərarası əməkdaşlıqlar da güclənir. Bunlara paralel olaraq dövlət qurumları arasında intensiv əlaqələr var. Təbii ki, Özbəkistan və Türkmənistanın bu çalışmalarda hələ ki iştirak etməməsi bir əskiklik sayılmalıdır. Buna görə biz üzüntü hiss edirik. Bizim birlik və bərabərlik içində olmağımızın ən önəmli addımlarından biri də qardaş ölkələr arasındakı parlamentar həmrəylikdir ki, bunun da adı TürkPA-dır. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan bu quruma üzvdür. Hər il əlifba sırasına görə TürkPA-nın toplantıları keçirilir. Dəfələrlə cəhd göstərməyimizə baxmayaraq, Özbəkistan və Türkmənistan bu quruma qatılmayıb. Bu, bizim üçün böyük üzüntü mənbəyidir. Ümid edirik ki, gələcək dönəmdə bu ölkələr tamhüquqlu üzv və ya müşahidəçi şəklində quruma qatılacaqlar və bu, bizə güc qazandıracaq. Bu ölkələr hələ də qatılmayıb, amma Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi kimi TürkPA-da iştirak etmək istəyir. Özbəkistan və Türkmənistanın bu günə qədər TürkPA-ya qatılmaması TürkPA üçün də ciddi bir çatışmazlıqdır, bizim üçün də nöqsandır. Çünki TürkPA-nın qurulma səbəbi türk dövlətləri və türk xalqları arasında həmrəyliyi və məsləhətləşmələri ön plana çıxarmaq, müştərək problemlərin həlli yollarını birlikdə axtarmaqdır. Ona görə, Şimali Kipr Türk Cümhuriyyətinin də bu prosesdə yer tutması əskikliyin bir bölümünün aradan qaldırılmasına səbəb olacaq. Azərbaycanda keçiriləcək toplantının gündəliyindəki məsələlər türk dünyasının mühüm məsələlərini ehtiva etməkdədir. Təkcə 4 üzv dövlətin arasında deyil, beynəlxalq təşkilatlarda əməkdaşlıq baxımından da önəmli addımlar atılacaq.
 
- Müstəqillik illərində türk dövlətlərini maraqlandıran ən ciddi məsələlərdən biri  Türkiyə ilə daha sıx siyasi, iqtisadi  və sosial inteqrasiya yaratmaq olub ki, son illərdə bu istiqamətdə önəmli addımlar atıldığını siz də vurğuladınız. İnteqrasiyanın gücləndirilməsi üçün bundan sonrakı  mərhələdə hansı addımların atılması lazımdır?
 
- Təbii ki, türk dövlətləri arasındakı parlamentlərarası əməkdaşlıq əlaqələrimizin ən yüksək səviyyəyə yüksəlməsi üçün kifayət etməz. Siyasi, iqtisadi və sosial sahədə də geniş əməkdaşlığa ehtiyac var. Məmnuniyyətlə görürəm ki, türk dövlətlərinin idarəçiləri, ən başda hörmətli prezidentlər və məclis başqanları, bu birliyin davam etdirilməsi üçün güclü iradəyə sahibdirlər. Bunu hər il sistematik şəkildə keçirilən toplantılar da göstərməkdədir. O toplantılarda həm regional məsələlər, həm də ikitərəfli münasibətlər baxımından mühüm məsləhətləşmələr aparılır. Qəbul edilən qərarların bir an əvvəl həyata keçirilməsi lazımdır. Əldə edilən razılaşmalar barədə sənədlər imzalanıbsa, bunların sürətlə parlamentlərdən keçirilib  qüvvəyə minməsi gərəklidir. Türkiyə bu məsələlərdə öz üzərinə düşən hər şeyi edir. Eyni zamanda, türk ölkələrindəki iqtisadi inkişaf baxımından Türkiyə ciddi cəhdini əsirgəmir. Bir çox iş adamımız qardaş ölkələrdə önəmli investisiyaları uğurla həyata keçirirlər. Bu mənada biz qardaş ölkələrin iqtisadi inkişafına da öz töhfəmizi verməyə çalışırıq. Üzv ölkələr qarşılıqlı şəkildə bir-birlərinin təcrübələrindən istifadə edə bilərlər. Müştərək yatırımları təşviq etmək, dəstəkləmək lazımdır ki, bunun da mexanizmləri var. Bunların başında qardaş ölkələrlə keçirilən iqtisadiyyata dair daimi toplantılar gəlir. O toplantılarda ikitərəfli münasibətlər baxımından lazım olan işlər barədə qərarlar qəbul edilib, həyata keçirilir. Arzu edirik ki, qəbul edilən qərarlar yubanmadan həyata keçirilsin. Onda ikitərəfli münasibətlərimiz daha da güclənəcək. Sosial sahədə isə ən başda mədəni münasibətlərimizin dərinləşdirilməsi gəlir. Turizm və mədəniyyət sahəsində mövcud olan fəaliyyətlərimizi daha da gücləndirməliyik. Televiziyalar, media ölkələrimiz arasındakı münasibətləri dərinləşdirmək üçün önəmli imkanlar yaradır, üzv ölkələr arasında dostluğu, qardaşlığı, iqtisadi və sosial əməkdaşlığı inkişaf etdirmək üçün bu imkanlardan istifadə etmək lazım gələcək.
 
- Müştərək dil və əlifbanın yaradılıb həyata keçirilməsi ilə bağlı da uzun müddətdən bəri söhbətlər aparılır, planlar hazırlanır. Qəbul edilmiş qərarların sürətlə həyata keçirilməsinin önəmini vurğuladınız. Ortaq dil və əlifba məsələsinin gerçəkləşməsi sahəsində vəziyyət necədir? Bununla bağlı nə demək istərdiniz?
 
- Şübhəsiz ki, bizim üçün ən önəmli məsələlərin başında ortaq dil və  əlifbanın həyata keçirilməsi gəlir. Çünki bu şəkildə bir-birimizi anlamağmız daha asan olacaq. Toplantılarımızda öz ana dilimizdə danışıb bir-birimizi daha rahat şəkildə anlayacaq, mədəniyyətimizin yaşamasına öz töhfəmizi verəcək, dilimizin zənginləşməsinə imkan yaradacağıq. Bunun üçün başda TÜRKSOY olmaqla, qurulmuş bəzi təşkilatlar var. Bu qurumların işlərinə dəstək vermək lazımdır. Şübhəsiz, burada unudulmaması lazım olan başqa bir cəhət üzv ölkələrin Qeyri-Hökumət Təşkilatları arasındakı həmrəyliyə verilməsi lazım olan dəstəkdir. Bunun üçün də ortaq əlifba və dil öz tariximiz, öz mədəniyyətimiz baxımından işin “olmazsa-olmaz”ıdır. Bunu gerçəkləşdirə bilmədiyimiz halda, cəhdlərimiz yarımçıq qalacaq. Bu cəhdlərə çoxyönlü şəkildə dəstək vermək lazımdır. Türkiyə olaraq bizim hər üç məsələdə də lazımi addımları atmaq və dəstək verməkdə qərarlıyıq. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM