"Pensiya yaşının artırılması gərginliyə səbəb olacaq" - SOSİOLOQ

Azərbaycanda əmək pensiyasına görə yaş həddi artırılır.
ANN.Az xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə təqdim edilib.
Pensiya yaşının artırılması əhalinin sosial durumuna necə təsir edəcək?

Sosioloq-psixoloq Nail Cəlilov ANN.Az-a açıqlamasında pensiya yaşının artırılmasını əhalinin sosial durumunu daha da gərginləşdirəcəyini deyib:
"Etiraf edək ki, pensiya yaşının artırılması əhalinin əhval-ruhiyyəsinə mənfi təsir edən amillərdən biridir. Onsuz da, böhran dövründəyik və pensiya yaşını artırmaq da bir tərəfdən bu vəziyyətə daha pis təsir edir. Ümumiyyətlə, pensiya yaşı artırılmamışdan əvvəl bu artımı ciddi şəkildə əsaslandırmaq lazımdır. Azərbaycanda insanlar çox uzunömürlü yaşasaydılar, pensiya yaşının artırılmasını başa düşmək olardı. Pensiyaların verilməsi üçün yaş həddi kişilərdə 63 yaşdan yuxarı, qadınlarda 60-dan yuxarıdır. İndi bu yaşın daha da artırılması cəmiyyət üçün qəbuledilməzdir. Çünki hazırda ölkədə insanların əksər hissəsi işsizlik problemi yaşayır. Hətta elə ailələr var ki, 30-40 yaşlı övladlar valideynlərinin aldığı o təqaüdə göz dikiblər ki, evə ərzaq ala bilsinlər. Belə mürəkkəb vəziyyətdə Milli Məclisinin pensiya yaşını artırmaq məsələsini müzakirə etməsi o deməkdir ki, əhalinin sosial münasibətlərinə laqeydlik var. Bu yanaşma da istər-istəməz əks-reaksiya doğuracaq”.
Sosioloqun sözlərinə görə, əhalinin maraqların, ictimai fikrin, problemlərin nəzərə almadan yaş həddini artırmaq əlavə sosial gərginliyin yaranmasına səbəb olacaq:
"Təqaüd yaşının artırılması yaşlı insanların son ümidinin öldürülməsi deməkdir. Nəzərə almaq lazımdır ki, bu vətəndaş 60 yaşına çətinliklərlə gəlib çatır. Pensiya yaşına qədər gözləyir ki, illərdir çalışdığına görə, dövlətdən müəyyən təqaüd alıb, yaşayışını bir qədər sadə keçirsin. Amma pensiya yaşının artırılması ilə həmin şəxslər bu imkandan məhrum edilir. Bununla da, dövlətin sosial dəyərlər funksiyası zəifləmiş olur. Yəni sosial təminat, sosial himayə, sosial təhlükəsizlik dövlətin vətəndaşa verdiyi əsas hüquq və azadlıqlardan biridir. Bu hüquqları vətəndaşın əlindən almaq olmaz. Milli Məclisin qəbul edəcəyi bu qanun layihəsi əvvəlcə əhali, daha sonra deputatlar arasında müzakirəyə çıxarılmalı idi. Avropa, eləcə də digər ölkələrdə büdcədən kənar qalan vəsait imkansız insanların, ehtiyacı olan təbəqələr arasında bölüşdürülür. Bizdə isə əksinədir. Büdcədən maliyyələşməli olan insanların sayını müxtəlif bəhanələrlə azaldırıq. Və həmin kasıb təbəqəyə verməli olduğumuz maliyyəni müxtəlif səbəblərlə onların əlindən alırıq”, - deyə N.Cəlilov əlavə edib.
Mətbuatda yayılan məlumata görə, Milli Məclisin "Əmək pensiyaları haqqında” qanuna edəcəyi əlavə və dəyişikliklər layihəsində pensiya yaşının qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63-dən 65-ə yüksəldilməsi nəzərdə tutulur.
Ölkələr üzrə müəyyən edilmiş pensiya yaşı cədvəlini təqdim edirik:

Orxan Aslanlı
www.ann.az
Son xəbərlər
Daha çox 