Tələbə və şagirdlərə ictimai nəqliyyatda güzəştlər olsun -Deputat

Təklif edirəm ki, ictimai nəqliyyatdan istifadə zamanı tələbə və şagirdlər, müəllimlərə müəyyən güzəştlər tətbiq edilsin. Hətta şəhid ailələri və qazilər üçün də ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər tətbiq edilməsi sevindirici hal olar. Bu təcrübə bir çox ölkələrdə uğurla tətbiq edilir.
Anews.az xəbər verir ki, bu sözləri deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə layihəsinin müzakirəsi zamanı deyib.
"Növbəti diqqət mərkəzində saxlanılmalı əhəmiyyətli məsələ isə işsizlik problemidir. Bunun ən böyük səbəblərindən biri isə universitetlərimizdə, xüsusilə də, region universitetlərində dövrün tələblərinə cavab verən, mövcud əmək bazarında davamlı olan ixtisasların azlığıdır. Bu gün məzunlarımızın böyük bir qismi təhsil aldıqları sahə üzrə əmək bazarında iş tapa bilmirlər. Bu isə bilavasitə olaraq işsizlik səviyyəsini və dövlətin yükünü artırır. Biz mütləq universitetlərdə tədris edilən az tələbatlı ixtisasları yeni, dövrün tələblərinə uyğun ixtisaslarla əvəz etməliyik. Dövlətimiz bu sahədə uğurlu islahatlar həyata keçirir. Buna baxmayaraq, bu prosesi sürətləndirmək və daima diqqət mərkəzində saxlamaq vacibdir. Gəncədə Cavad xan qəsəbəsində 30 minə yaxın əhali yaşasa da, bu ərazidə məktəb yoxdur. Mövcud məktəblər isə olduqca uzaq məsafədə yerləşir və gediş-gəliş şagirdlər və valideynləri üçün çətinlik yaradır. Xahiş edirəm, bu qəsəbədə yeni məktəbin tikilməsi, həmçinin Gəncə şəhər 9 və 11 saylı orta məktəblərin yenidən qurulması işi nəzərdə saxlanılsın. Eyni zamanda Gəncədə faəliyyət göstərən uşaq bağçalarınının nəzdində yeni qrupların açılmasına çox böyük ehtiyac var", - deyə Naqif Həmzəyev qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az