Bizə tapşırılıb ki, avqustun sonuna kimi şəhəri tərk edək - Laçın erməniləri

Ermənistan yaxın vaxtlarda soydaşlarını Laçından çıxarmağa hazırlaşır.Bununla yanaşı rəsmi İrəvan iddia edir ki, onlara Azərbaycanın Laçın dəhlizinə alternativ çəkdiyi yeni yolun planı hələ təqdim edilməyib.Ermənistan rəhbərliyi bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin şərtlərindən birinin pozulması adlandırır. Bunu "Azadlıq” radiosuna Laçında yaşayan erməni əhalisinin nümayəndələri bildirib.
Onların sözlərinə görə, bu barədə onlara ötən axşam (Qarabağda son toqquşmalardan sonra - red.) Laçın şəhər "administrasiyasın"dan bildiriblər.
Laçında qeyri-qanuni məskunlaşan Ermənistan vətəndaşlarından biri Anna Markaryan bildirib ki, Arayik Arutyunyanın ("Xankəndindəki qondarma rejim”in rəhbəri – red.) əmri əsasında ona şəhəri tərk etmək göstərişi verilib. Amma məhz hara köçməli olduğunu Markaryan bilmir.
Həmçinin bildirilir ki, avqustun 4-ü səhər saatlarında Laçın şəhəri "adminstrasiyası"nın üzvləri, həmçinin Zabux kəndinin "meri" Arayık Arutyunyanın Xankəndində yerləşən "idarəsi”nə çağırılıb. Arutyunyan onlara Xankəndində, avqustun sonuna kimi bütün laçınlıların təxliyyə edilməli olduğu barədə məlumat verib. Amma Zabux kəndində məskunlaşan ermənilərlə bağlı hansı göstərişlərin verildiyi barədə heç nə deyilməyib. "Azadlıq” radiosunun məlumatına görə, bu kəndin "meri” axşam saatlarında Xankəndindən qayıdıb. Amma yerli ermənilərin taleyi ilə bağlı suala konkret cavab verə bilməyib.
Azərbaycan Ermənistanı Qarabağla birləşdirən nəqliyyat yolunun Laçın dəhlizinə alternativ olan yeni yola keçirilməsini, həmçinin Ermənistan vətəndaşlarının Laçın şəhərindən təxliyə edilməsini tələb edir. Laçın dəhlizinin bağlanacağı təqdirdə Zabux kəndinin Azərbaycanın nəzarətinə keçəcəyi vurğulanır.
Təxminən iki ay əvvəl baş nazir Nikol Paşinyan bildirib ki, 10 noyabr tarixli üçtərəfli sazişə əsasən, Ermənistan Laçın şəhəri və ətraf Sus və Zabux kəndlərinə nəzarəti Azərbaycana yalnız yeni alternativ yol çəkildikdən sonra qaytaracaq. Lakin Zabux kəndində məskunlaşan ermənilər bildirir ki, Paşinyanın sözləri onlar üçün qanun deyil, kəndi tərk etməyəcəklər və hətta əllərində silahla "doğma kəndlərində” yaşamaq hüquqlarını müdafiə etməyə hazırdırlar.
Lakin Qarabağda baş verən son toqquşmalardan və Azərbaycan ordusunun keçirdiyi anti terror əməliyyatlarından sonra Zabuxda yaşayan ermənilər artıq müqavimət sözünü dilə gətirmir və müvafiq göstərişlərdən sonra kəndi tərk etməyə hazır olduqlarını bildirirlər.
Digər tərəfdən, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan öz Facebook səhifəsində Azərbaycan Ermənistan hakimiyyətinə sentyabrın 1-dək Laçın dəhlizinə alternativ yoldan istifadə etmək imkanı verdiyini bildirib. Onun sözlərinə görə, yeni yolun tikintisi 1,6 ildir davam etsə də, Ermənistan hakimiyyəti bununla bağlı yalnız indi məsələ qaldırır.
"Görünür, bizim hakimiyyət orqanlarımız pərdə arxasında həm alternativ yol, həm də Laçın, Zabux və Susun boşaldılmasına razılıq verib, lakin bundan irəli gələn addımları atmayıb”, - deputat qeyd edib.
"Onlar yaxşı bilirdilər ki, yolun Ermənistan hissəsi vaxtında çəkilməsə, böyük problemlər yaranacaq. Amma hələ də tikməyiblər”.
Eyni zamanda, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bu günlərdə jurnalistlərə açıqlamasında bildirib ki, Laçın dəhlizinə alternativ olan yolun Ermənistana məxsus hissəsinin tikintisi gələn ilin yazında yekunlaşacaq.
Amma son hadisələrə görə, alternativ magistralın Ermənistan ərazisindən keçən hissəsi hazır olmayana qədər ermənilər Laçın şəhəri, Sus və Zabux kəndlərini Azərbaycanın nəzarətinə qaytarmalı olacaqlar.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər