Peşə təhsilinin köklü problemləri var - Nazir

Azərbaycanda peşə təhsilinin köklü problemləri var. Bu barədə Report elm və təhsil naziri Emin Əmrullayevə istinadan yazıb.
"Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür. Əvvəl peşə təhsili bir insanın təhsil həyatında dalan rolunu oynayırdı. Şagird orta məktəbdən məzun olub ya peşə məktəbinə, ya da kollecə gedir. Əvvəl 9-cu sinfi bitirən şəxs peşə məktəbinə qəbul olandan sonra təhsil üçün başqa yerə gedə bilmirdi. Çünki ali təhsil almaq üçün mütləq məktəbə qayıdıb 10-11-ci sinfi bitirməli idi", - nazir "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışında qeyd edib.
Əmrullayev bildirib ki, son illər peşə təhsilinə diqqət və maraq artıb.
Bundan əvvəl bir necə deputat ölkədə peşə təhsilinin çox zəif inkişaf etməsi ilə bağlı fikirlər səsləndirib.
Noyabrın 28-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov açıqlamasında söyləyib ki, 2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək.
Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az