Azərbaycanda doğum statistikası son 10 ildə azalıb - Səbəblər

Azərbaycanda doğulan uşaqların sayı 2024-cü ildə son on ilin ən aşağı göstəricisi kimi qeydə alınıb. Bu barədə Dövlət Stastistika Komitəsindən bildirilib.
Belə ki, 2024-cü ildə 102 310 körpə doğulub.
Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, bu tendensiyanın artmasının bir çox səbəbləri var.
"Səbəblərdən biri ailələrin çox övladlılığa meyl göstərməməsidir. Ailələrin çoxu düşünür ki, əgər iki uşağı olsa yetərlidir. Əvvəl 5-6 uşaq, daha sonra 3 uşaq, indi isə 1 və 2 uşaq ilə kifayətlənirlər. Başqa məsələ gənclərin çoxu evlənmək istəmirlər. Hesab edirlər ki, ailə qurub üzərinə məsuliyyət götürməkdənsə sərbəst, rahat şəkildə həyatlarına davam etsinlər. Bu gün belə düşüncəli insanların sayında artım görürük. Xanım və yaxud kişi düşünür ki, axşam evə tez gəlməliyəm, öhdəliklərim var. Bu tendensiya yeni bir tendensiyadır. Boşanmaların bu prosesə hardasa təsiri var. Bizdə hər il bu statistika artır", - deputat bildirib.
Deputat əlavə edib ki, bu kimi halların azaldılması üçün maarifləndirmə təbliğatı olmalıdır.
"Güclü bir ideoloji iş aparılmalıdır. Cəmiyyətlər ailələrin üzərində formalaşır və ailələrin üzərindən inkişaf etməyə başlayır. Əhali sayının azalması, nikahların azalması cəmiyyətdə gələcəkdə müəyyən problemler yaradacaq. Əhali artımında da müəyyən azalmanı görə bilərik. Ailədə, güzəştə getmək bacarığı, təmkinli, səbrli olmaq lazımdır. Məsələnin həlli yolunda işlər görülməlidir",- deputat vurğulayıb.
Sosioloq Mail Yaqub bildirir ki, bu qlobal tendensiyadır.
" Bu daha çox müasirləşmə ilə bağlıdır. İnsanlar çox uşaq dünyaya gətirmək istəmirlər. Bir və yaxud iki uşaqla kifayətlənirlər. Düşünürlər ki, bir uşağın təhsil, səhiyyə xərclərini yaxşı təmin edə bilsinlər. Hər tərəfli etmək istəyirlər. Bu da nəticədə doğum statistikasının azalmasına səbəb olur. İkinci səbəb Azərbaycanda boşanmaların sayının çox olmasıdır. Bu da əhalinin sayına təsir edir. Üçüncü səbəb evlənmə yaşının gecikməsidir. İnsanlar evlənməyə meyl etmirlər. Bu üç səbəb aradan qalxmalıdır",- sosioloq vurğulayıb.
Sosioloq həmçinin bildirib ki, bu məsələ həm iqtisadi, maliyyə təminatının yaxşılaşdırılması, həm də təbliğat vasitəsilə aradan qaldırıla bilər.
"Bu hərkəsin öz şəxsi məsələsidir. Biz sadəcə təbliğat apara bilərik. Dövlət evlənmək üçün iqtisadi, sosial maneələri aradan qaldıra bilər",- o əlavə edib.
İqtisadçı Natiq Cəfərlinin fikrincə, bu məsələ iqtisadi səbəblərlə müəyyən qədər əlaqəlidir.
"Elə ölkələr var ki, daha kasıbdır, amma orada çoxuşaqlı ailələr çoxdur. Bu məqamda iqtisadi göstəricini əsas göstərmək olmaz.İnsanlar önünü görməyəndə, gəlirlərinin artım prespektivlərini hesablaya bilməyəndə ailədə ikinci, üçüncü uşağı planlaşdırmaq çox çətin olur. Amma daha çox başqa məsələlərdə var. Məsələn mənzilə çıxış imkanlarının məhdud olması...Bu bir başa iqtisadiyyata aid olmasa da, dolayısı yolla onunla əlaqədardır. Mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prespektiv görməyəndə ailədə uşaq sayının artması ilə bağlı qərar vermək çətinləşir. Bizdə çox zaman ailələr hətta valideynlərlə birgə yaşayır. Boşanmaların sayı da kəskin şəkildə artıb. Həm maddi problemlər, həm mənzil problemlərinin olması, eyni zamanda gənclərin xaricə köçməklə bağlı planlarının olması bütün bunlar üst üstə gəlir toplanır və Azərbaycanda doğum göstəricilərinin kəskin şəkildə azalmasına səbəb olur",- iqtsadçı vurğulayıb.
Hazırda dünyada inkişaf etmiş ölkələrdə doğum səviyyəsi çox aşağıdır. Məsələn, Avropa ölkələrində, Yaponiyada və Cənubi Koreyada doğum səviyyəsi çox aşağıdır. Bu ölkələrdə əhali artımını dəstəkləmək üçün dövlətlər müxtəlif təşviqedici tədbirlər həyata keçirsələr də, bu azalma davam edir. İnkişaf etməkdə olan ölkələrdə isə bəzi hallarda doğum səviyyəsi hələ də yüksəkdir, amma bəzilərində (məsələn, Hindistan, Çin, və bəzi Afrika ölkələrində) doğum səviyyəsi azalmağa başlayıb.
Ən son mövcud məlumatlara əsasən, 2020-ci ildə dünya üzrə doğum səviyyəsi hər qadına orta hesabla 2.4 uşaq olub. Bu göstərici əhali artımının əvəzlənməsi üçün lazım olan 2.1 səviyyəsindən bir qədər yüksəkdir.
Lakin, inkişaf etmiş ölkələrdə doğum səviyyəsi daha aşağıdır. Məsələn, 2020-ci ildə ABŞ-da hər qadına orta hesabla 1.6 uşaq doğulub. Avropa ölkələrində isə bu rəqəm daha da aşağıdır.
Azərbaycanda son on ilin doğum statistikası:
2014 (170 500) ; 2015(166 200); 2016(159 500); 2017(144 041); 2018(138 982); 2019(141 179); 2020(126 571); 2021(112 284); 2022(122829); 2023(112 620); 2024(102 310).
İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aytac Zeynalova